[b]Rəşad Abdullayev: Polis məndən üzr istədi[/b]
06.04.2015 - 15:08
[b]Rəşad Abdullayev: Polis məndən üzr istədi[/b]

“Komanda dünəndən şokdadı. Heç uduzmağımızı gözləmirdik, qaldı ki, böyük hesabı”. Bu sözləri apasport.az saytına AZAL-ın kapitanı Rəşad Abdullayev deyib.

 

Cəzalı olduğu üçün Premyer Liqanın XXVIII turu çərçivəsində “Qəbələ” ilə oyunu buraxan 34 yaşlı yarımmüdafiəçi komandasının böyükhesablı məğlubiyyətini (0:4) şərh edib: “Oyuna pis başlamamışdıq. Hətta bir hücumumuzda top qapı tirindən döndü. Amma ilk qolu buraxandan sonra uşaqlar sanki dayandılar, çaş-baş qaldılar. Bundan sonra da rəqib qısa müddətdə daha iki qol vurdu. Mənim AZAL-da olduğum müddətdə ilk dəfədi ki, belə halla üzləşirik, fasiləyə qədər 3 cavabsız qol buraxırıq”.

 

Qarşılaşmadan öncə VİP-lojaya tərəf yollanan Rəşad Abdullayevi polislər içəri buraxmadıqları üçün kiçik mübahisə düşmüşdü. Təcrübəli oyunçu bu məsələyə də aydınlıq gətirib: “Polis məni tanımadı, elə bildi ki, adi azarkeşəm. Amma gənc polislər məni tanıdılar, yoldaşlarına da başa saldılar. Çoxunun futboldan başı çıxmır, ona görə də bu hadisə baş verdi. Amma elə ciddi bir şey olmadı. Həmin polis sonra yaxınlaşıb məndən üzr istədi. Bizim futbolçuların başına o qədər belə hadisə gəlib ki. Millinin seçmə mərhələ oyunları zamanı futbolçularımızı neçə dəfə stadiona buraxmayıblar”.

 

Rəvan ƏKBƏR