[b]Rəşad oynasa...[/b]
20.10.2015 - 10:40
[b]Rəşad oynasa...[/b]

Avropa Liqasının qrup mərhələsinin III turunun “Borussiya” ilə oyunu “Qəbələ”nin bəzi futbolçuları üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, yubiley görüşünün astanasında olanlar arasında ən böyük rəqəmə çatmaq imkanı Rəşad Sadiqovdadı.

 

32 yaşlı yarımmüdafiəçi Dortmund təmsilçisinə qarşı forma geyinsə, avrokuboklarda 55-ci oyununu keçirəcək. Almanlarla görüşədək hesabında 54 matç olan Sadiqov bu müddətdə 7 qol vurub.

 

Xeyli müddət avrokuboklarda ən çox oyun keçirən azərbaycanlı ünvanına sahib olan yarımmüdafiəçi indi bu göstəricidə ikincidi. Yalnız Rəşad Sadıqovdan geri qalan Sadiqov 55-ə qədər 3 klubda forma geyinib.

 

Avrokubok oyunlarının 26-nı “Neftçi”, 19-unu “Qarabağ”da keçirən futbolçu indiki klubunda 9 belə matçda iştirak edib. “Qəbələ” ilə yubiley - 10-cu qitə miqyaslı matçın astanasında olan Rəşad Bakı klubunda 4, Ağdam təmsilçisində 3 qol vurub.

 

O, Çempionlar Liqasında 11 oyunda 1, Avropa Liqası (əvvəllər UEFA kuboku) 38 matçda 4, İntertoto kubokunda 5 görüşdə 2 qol vurub. Futbolçunun avrokuboklarda debütü 2004-cü il iyulun 13-də Bosniya və Herseqovinada gerçəkləşib. Həmin gün Sadiqov “Neftçi”nin “Şiroki Briyeq”ə 1:2 hesabı ilə uduzduğu oyunun iştirakçısı olub.

 

Rəşadın komanda yoldaşlarından Vojislav Stankoviç 30-cu, Dmitri Bezotosnı 25-ci matçını “Borussiya”ya qarşı keçirə bilər. Sonuncu ilə eyni sayda – 24 oyunun iştirakçısı olan Georgi Floresku isə uzun müddətdi heyətə düşə bilmədiyindən yubileyini hələ də gözləməli olacaq.

 

Qeyd edək ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də Bakıda keçiriləcək.