“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov karyerasında daha bir zirvəni fəth edir. Apasport.az saytının məlumatına görə, millidə 100 və daha çox oyun keçirən ilk azərbaycanlı futbolçu kimi tarixə düşən 34 yaşlı müdafiəçi avrokubokların eyni turnirində “50”yə çatan birinci təmsilçimiz olacaq.
Sadıqov buna Avropa Liqasında imza atır. Əvvəllər UEFA kuboku, 2009-cu ildən indiki adını daşıyan yarışda 49 matça çıxan Rəşad bu gün Çexiya “Slovan”ı ilə görüşdə 100-ü yarılayacaq.
“Qarabağ”ın kapitanı eyni turnirdə - Çempionlar Liqası və ya Avropa Liqasında 50 və daha çox matç keçirənlərin siyahılarında ilk azərbaycanlı olacaq. Qitənin ən nüfuzlu klub turnirində buna nail olan futbolçumuzun varlığı mümkün deyil. Çünki bütün klublarımız birlikdə Çempionlar Liqasında 50 civarında matç keçirib. Avropa Liqasında isə 50-ni fəth etmək Sadıqova qismət olacaq.
2001-ci il avqustun 9-da “Neftçi”nin Sloveniya “Qoritsa”sı ilə ev matçında avrokuboklarda debüt edən Rəşad Avropa Liqasında 3 klubun formasını geyinib. “Qarabağ”da 44 matçda 4 dəfə fərqlənən kapitan, “Neftçi”də 4 oyunda 1 qola sevinib. Daha bir görüş isə Türkiyənin “Kayserispor” klubunun heyətində gerçəkləşib.
Ümumilikdə isə Avropa Liqasının tarixində ən çox oyun keçirən italiyalı Cüzeppe Berqomidi – 96 oyun. Almaniyalı Frank Rost 90, yunan Dimitris Salpinqidis 76 matç keçirib. Rəşad isə 50 oyun keçirən 10 futbolçuya şərik çıxıb. Onun şərikləri arasında “Qəbələ”dəki çıxışlarından tanıdığımız Aleksey Qay da var.