“Ümumi götürsək, pis qrupa düşməmişik. Bircə Bolqarıstanın bizimlə eyni qrupda yer alması pis oldu. Halbuki, daha zəif rəqib düşə bilərdik”. Bu sözləri apasport.az saytına Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.
Sadıqov Topaz Premyer Liqasının XXIII turunun “Simurq”la (0:0) oyunundan sonra millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri haqqında fikirlərini açıqlayıb: “Bizi çətin oyunlar gözləyir. Asan rəqib yoxdur. İtaliya Xorvatiya, Norveç və Bolqarıstandan gücünə görə seçilir. Ancaq bu 3 yığma eyni səviyyəli komandalardır. Həmin 3 milli ilə həm səfərdəki, həm də Bakıdakı oyunlarımız çətin olacaq”.
Müdafiəçi bildirib ki, IV səbətdən Bolqarıstanın qrupumuzda yer alması onun üçün arzuolunmaz olub: “İlk növbədə çalışacağıq ki, ötən tsikldə topladığımız xaldan daha çox qazanaq. Ancaq asan olmayacaq. İkinci məqsədimiz isə qrupda minimum 3-cü yeri tutmaqdır. Səfərlərdən imkan daxilində xal əldə etmək lazımdır. IV səbətdən bizə Latviya, Estoniya, Uels, Belarus milliləri düşə bilərdi. Ordan həmin səbətin güclülərindən olan Bolqarıstanın çıxması bir qədər arzuolunmaz idi. Çünki onlar son seçmə mərhələdə də yaxşı çıxış edib. II və III səbətlərdən çıxan komandalar isə normaldır”.
Qeyd edək ki, ötən tsikldə IV səbətdən millimizin bəxtinə Şimali İrlandiya çıxmışdı. Bu üzdən komandamız adalılardan 4 xal qoparmağı bacarmışdı.
Səbuhi TOFİQOĞLU