“Qarabağ”ın hücumçusu Reynaldo Silva Almaniyaya yollanıb. Klubdan apasport.az saytına verilən məlumata görə, braziliyalı futbolçunun səfəri zədə ilə bağlıdı.
Avropa Liqasının qrup mərhələsində oktyabrın 1-də “Anderlext”lə keçirilən qarşılaşmada dizindən xəsarət alan “sambaçı” sabah orda həkimlə görüşəcək. Futbolçunun rentgen nəticəsinə baxan həkim məhz həmin görüşdə zədə ilə bağlı ətraflı məlumat verəcək və əməliyyata ehtiyac olub-olmadığını söyləyəcək.
Ağdam klubunun digər zədəli oyunçusu yarımmüdafiəçi Cavid Tağıyev də hələ ki, kollektivə qoşulmayıb. Müdafiəçilər Maksim Medvedevlə İlqar Qurbanov isə fərdi hazırlıq keçirlər.
Reynaldo və Cavidin Avropa Liqasında “Monako” ilə səfər matçını buraxacağı dəqiqdi. Maksimlə İlqarın isə iştirakı sual altındadı.
Qeyd edək ki, “Monako” – “Qarabağ” oyunu oktyabrın 22-də Fransada keçiriləcək.