“Səfərdə keçirdiyimiz ilk qarşılaşmanı təhlil etmişik. Həmin matçdakı çatışmazlıqları müəyyənləşdirib, aradan qaldırmışıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab oyunundan öncə fikirlərini açıqlayıb. Qriqorçuk bildirib ki, bu gün baş tutacaq qarşılaşmada müəyyən dəyişikliklər edəcək: “Lakin start “11-liy”ini hələ də tam müəyyənləşdirməmişəm. Bununla bağlı son qərarımı görüş günü verəcəyəm. Bütün komanda qələbəyə köklənib. Təbii ki, erkən qolun vurulması yaxşıdı. Bu, komandada özünəinam yaradır. Amma həlledici deyil. İlk oyunla müqayisədə daha yaxşı oyun göstərib, nəticə əldə etməliyik. Komandanın öz oyununu tam göstərməsi üçün müəyyən zamana ehtiyac var. Bəzi yeni oyunçular komandaya tam uyğunlaşmalıdı. Bu üzdən də bizim ilk oyunun Qəbələdə keçirilməsi daha yaxşı olardı. Həmişə böyük hesabla qalib gəlmək istəyirik. Bunun alınıb-alınmamasını isə oyun göstərəcək”.
Qeyd edək ki, “Qəbələ” səfərdə baş tutan ilk matçda 1:2 hesabı ilə uduzub.