“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycanı tərk edə bilər. Apasport.az saytı xəbər verir ki, təcrübəli çalışdırıcı Ukrayna yığmasının “sükanı arxasına” keçməyə namizəddi.
“Sportanalytic” portalının yazdığı məlumata görə, Ukrayna millisinin hazırkı çalışdırıcısı Mixail Fomenko postundan ayrılacaq.
Avro-2016-nın pley-off mərhələsində iştirak etmək hüququ qazanan “göy-sarılar” turnirin final mərhələsinə vəsiqə əldə etsələr belə, federasiya rəhbərliyi Fomenko ilə vidalaşacaq. Daha dəqiq desək, komanda Fransaya gedə bilməsə, hazırkı çalışdırıcı dərhal istefaya göndəriləcək. Ukrayna millisi Avropa çempionatında oynamaq imkanı qazansa, bu zaman Fomenko ilə yollar turnirdən sonra ayrılacaq.
Fomenkonun postunu tutmağa bir nömrəli namizəd isə Roman Qriqorçukdu. 50 yaşlı məşqçinin Ukrayna milisində ilk oyununu gələn ilin avqustunda keçirəcəyi gözlənilir. Həmin qarşılaşma yoldaşlıq xarakteri daşıyacaq.
“Çernomorets”i Ukrayna futbolundakı böhranla əlaqədar tərk edən Qriqorçuk “Qəbələ”də də bacarığını göstərə bilib. Onun rəhbərliyi altında “qırmızı-qaralar” ölkə çempionatının bürünc mükafatçısı olmaqla yanaşı, tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
Ukrayna Futbol Federasiyası Qriqorçukla razılıq əldə edə bilməsə, milli komanda tarixində ən məhsuldar futbolçu olmuş Andrey Şevçenko ilə danışıqlara başlanılacaq.