[b]Ronaldonun “İnter” arzusu[/b]
20.02.2016 - 14:50
[b]Ronaldonun “İnter” arzusu[/b]

Braziliya yığmasının, o cümlədən “İnter”, “Milan”, “Barselona” və “Real” kimi klubların sabiq futbolçusu Ronaldo İtaliyaya dönmək istəyir. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, əfsanəvi hücumçu keçmiş komandası “İnter”də çalışmaq arzusundadı.

 

“Neradzurra”nın sabiq prezidenti Massimo Moratti ilə görüşən “fenomen” İtaliya çempionatının XXVI turu çərçivəsində bu gün keçiriləcək “İnter” – “Sampdoriya” matçını tribunadan izləyəcək.

 

Bununla bağlı danışan Ronaldo oynadığı klubların sırasında ən çox “İnter”ə sevgi bəslədiyini bildirib: “Moratti ilə yenidən görüşdüyüm üçün çox şadam. “İnter”in “Sampdoriya” ilə matçını onunla birlikdə izləyəcəyik. “Neradzurra” karyeram ərzində ən maraqlı çağırış idi. Burda unudulmaz 5 il keçirmişəm. “İnter” həmişə ürəyimdə qalacaq”.

 

Bu il 40 yaşını tamamlayacaq Ronaldo Morattinin “İnter”ə qayıtmasını arzulayır: “Bu klub üçün faydalı işlər görmək istərdim. Əgər Moratti klubun prezidenti postuna qayıtsa və mənə dəvət göndərsə, “İnter”də çalışmağa razılıq verərəm”.

 

Qeyd edək ki, 1997-2002-ci illərdə “İnter”in formasını geyinmiş Ronaldo bu komandanın heyətində 143 oyunda 59 qola imza atıb.