[b]Ruslan Abışov: Mxitaryan Bakıya gəlsəydi… - MÜSAHİBƏ[/b]
20.10.2015 - 13:08
[b]Ruslan Abışov: Mxitaryan Bakıya gəlsəydi… - MÜSAHİBƏ[/b]

“Qəbələ”nin və Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi

 

- “Qəbələ” 2 gün sonra Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Borussiya” kimi adlı-sanlı rəqiblə qarşılaşacaq. Məlum səbəbdən bu görüşdə komandanıza kömək edə bilməyəcəksiz. Necə düşünürsüz, Bakıda “Borussiya”nı büdrətməyə “Qəbələ”nin gücü çatacaqmı?

- Mən həmişə demişəm ki, komandamız güclüdü. Özümüzə inanırıq. Güclü baş məşqçimiz var. Roman Qriqorçuk rəqibləri yaxşı təhlil edir. Heyətimizdəki həm yerli, həm də əcnəbi futbolçuların ustalıq səviyyələri yüksəkdi. Bütün azarkeşləri “Borussiya” ilə matçda komandamıza dəstək olmağa çağırıram. Məncə, “Qəbələ”dən sensasiya gözləməyə dəyər.

 

- “Borussiya”nın erməni hücumçusu Henrik Mxitaryana qarşı oynasaydız, aqressiv davranardız, yoxsa özünüzü sakit aparmağa çalışardız?

- Mxitaryan Bakıya gəlsəydi, ona qarşı oynasaydım, müəyyən epizodlarda aqressiv ola bilərdim. Amma çalışardım ki, sırf qaydalar çərçivəsində mübarizə aparım. Əgər meydanda üz-üzə gəlmək imkanı olsaydı, bəzi epizodlarda aqressiya göstərərdim. Amma 90 dəqiqə Mxitaryana qarşı eyni aqressiya ilə oynamaq da düzgün olmazdı. Bu, peşəkar idmançıya yaraşan hərəkət deyil.

 

- Millinin heyətində Bolqarıstanla oyundakı çıxışınızla bağlı Roman Qriqorçukun fikri necə oldu?

- Açığı, bu barədə danışa bilməmişik. Vaxtımız az olduğundan, ancaq “Neftçi” ilə oyuna kökləndik. Rəqibi təhlil edirdik, bu səbəbdən milli barədə danışmağa vaxtımız olmadı.

 

- Yeri gəlmişkən, ötən həftəsonu “Neftçi” üzərində vacib qələbə qazanmaqla, lider “Qarabağ”la aranızdakı fərqin artmasına imkan vermədiz. Növbəti turdakı rəqibiniz isə Premyer Liqanın debütantı “Zirə” olacaq…

- Çempionatda asan oyun olmur. Bilirdik ki, “Neftçi” ilə matç da bizim üçün çətin keçəcək. Üstəlik, səfərdə oynayırdıq. “Neftçi” heyətində böyük dəyişikliklər olmasına baxmayaraq, indiki halda da zəif rəqib deyildi. Belə matçlar mövsümün gedişində daha çox olacaq. Çalışmalıyıq ki, “Zirə” ilə matçda da meydandan 3 xalla ayrılaq.

 

- Millinin heyətindən qayıtdıqdan sonra yorğunluq hiss olunmur?

- Deməzdim ki, yorğunluq var. Sadəcə, “Neftçi” ilə matçda meydanın vəziyyəti işimizi bir qədər çətinləşdirdi, oyunun daha sürətli keçməsinə mane oldu.

 

- Ötən mövsüm komandanız ölkə çempionatının bürünc medalını qazandı. Necə düşünürsüz, bu dəfə daha artıq uğura – çempionluğa imza ata biləcəksizmi?

- Qarşıda çox oyun var. Hər tur göstərir ki, çempionatda asan matç olmur. Sona qədər mübarizə aparmaq, dözmək lazımdı. Hər çətin işdən sonra əziyyətinin bəhrəsini görürsən.

 

- “Qarabağ”dan başqa hansısa komandanı çempionluq mübarizəsində özünüzə rəqib sayırsızmı?

- Biz bütün görüşlərə hazır olmalıyıq. Əgər çempion olmaq istəyiriksə, komandalar arasında fərq qoymamalıyıq.

 

Tengiz MƏMMƏDOV

0