[b]Ruslan Qurbanov: “Qarabağ”ın da oyunlarına gələn yoxdu[/b]
03.12.2015 - 10:01
[b]Ruslan Qurbanov: “Qarabağ”ın da oyunlarına gələn yoxdu[/b]

Azərbaycan kubokunuun 1/8 final mərhələsində I divizionun iddialı komandalarından “Qaradağ Lökbatan”ı məğlub edən “Neftçi” rəqib qapısından 8 cavabsız top keçirib. Qarşılaşmada dubl etməklə yanaşı, çoxsaylı şansları boşa verən “ağ-qaralar”ın hücumçusu Ruslan Qurbanov oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Böyük hesablı qələbəni necə şərh edərdiniz?

- Bu cür hesabla qələbə qazandığımıza görə sevinirik. Qarşımıza bu qədər qol vurmaqla bağlı tələb qoyulmamışdı. Tapşırıq qələbə qazanmaqdı. Görünür, bizim günümüz idi.

 

- Qələbəni təmin etdikdən sonra da hücumlarınızı səngitmədiniz...

- Konkret izah edə bilməyəcəm. Bəlkə uşaqlar oynaya bildiklərini baş məşqçiyə sübut etmək istəyirdilər.

 

- Əvvəlki baş məşqçinin rəhbərliyi altında niyə belə istəkli deyildiniz?

- Deməzdim ki, nəsə dəyişib. Ola bilsin, Əsgər müəllimin təcrübəsi öz sözünü deyir.

 

- Konkret “Rəvan”la matçdan sonra komanda yoldaşlarınızdan bəzilərinin zəif oynadığını vurğulamışdınız. Bəlkə onlar Samir Əliyevin rəhbərliyi altında oynamaq istəmədiklərini bu yolla bildirmək istəyirdilər?

- Kiminsə Samir Əliyevin komandadan kənarlaşdırılmasını istədiyini düşünmürəm. Ancaq oyun, hadisələrin axarı onu göstərirdi. Bəlkə də, həmin vaxt dediyim sözlər futbolçulara yaxşı mənada təsir edib və onlar toparlanıblar, ardıcıl 3 qələbə qazanmışıq.

 

- Yəni, futbolçular öz məsuliyyətini hiss etmirdilər...

- Bəlkə də, onlar hansı komandanın formasını geyindiklərini başa düşmürdülər, anlamırdılar. “Neftçi” sadə, adi klub deyil, xalqın komandasıdı.

 

- O vaxt xalqın komandası olar ki, xalq hər oyunda tribunaları doldurar və klubu dəstəkləyər. Boş tribunalar qarşısında çıxış edən komandaya necə “xalqın komandası” demək olar?

- Azərbaycanda nəticəni sevirlər. Bizim azarkeşlər avrokuboklar zamanı stadionu doldururlar. “Qarabağ” Avropa Liqasının oyunları zamanı Tofiq Bəhramov adına stadionu doldurur, amma çempionat oyunlarına gələn yoxdu. Bunun özü bir sübutdu.

 

- “Qaradağ Lökbatan”ın I divizion komandası olduğunu nəzərə alsaq, aşağı dəstə haqda sizdə hansı təəssürat formalaşıb?

- “Qaradağ Lökbatan” yaxşı komandadı. Onlar I divizionda ikinci pillədə yer alıblar. Sadəcə, bu gün “Neftçi” daha yaxşı oynadı. Yəqin onların oyunu alınmadı. Ümid edirəm ki, onlar Premyer Liqada oynamağa qadir olduqlarını sübut edəcəklər.

 

- Qələbə qazandığınız görüşdə çox əziyyət çəkdiniz, yoxsa oyundan bir gün əvvəlki məşqdə?

- (gülür) Bu gün. Çünki bir gün əvvəl yüngül məşqlə kifayətlənmişdik.

 

- Növbəti turlarda I dövrədə yenildiyiniz “Zirə” və “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyunlarla bağlı nə deyə bilərsiniz?

- Çalışacağıq qələbə seriyasını davam etdirək, eyni zamanda revanşı alaq. Qış fasiləsinə turnir cədvəlinin ilk “3-lüy”ündə yollanmaq istəyirik.