[b]Ruslan Qurbanov: Bütün komanda günahkardı - MÜSAHİBƏ[/b]
27.10.2015 - 16:13
[b]Ruslan Qurbanov: Bütün komanda günahkardı - MÜSAHİBƏ[/b]

“Neftçi”nin futbolçusu Ruslan Qurbanovun apasport.az saytına müsahibəsi

 

- AZAL-la oyundan sonra keçmiş komanda yoldaşınız Rail Məlikovla aranızda qalmaqal yaranıb. Onun müsahibəsində səsləndirdiyi fikirlərə sosial şəbəkədə cavab vermisiz...

- Biz artıq bu problemi öz aramızda həll etmişik. Telefonla danışdıq və məsələni yoluna qoyduq. Məlum oldu ki, bir-birimizi düz başa düşməmişik.

 

- Ölkə çempionatının X turu çərçivəsində sabah “İnter”lə qarşılaşacaqsız. Hazırda “qara zolaq”da olan komandanızdan hansı nəticəni gözləyək?

- Yaxşı nəticəyə ümid edirəm. Qeyd etdiyiniz kimi, “qara zolağ”a düşmüşük və ordan çıxmaq bizim üçün vacibdi. Odu ki, “İnter”lə oyuna çox ciddi hazırlaşmışıq.

 

- “Neftçi”nin “qara zolağ”a düşməsinin səbəbi nədi?

- Özüm də bilmirəm. Sadəcə, bəxtimiz gətirmir. Son dəqiqələrdə qapımızdan qollar buraxırıq. Bütün bunları aradan qaldırmaq və “İnter”lə oyuna sanki sonuncu matça çıxırıq kimi yanaşmaq lazımdı. Yalnız bu halda yaxşı nəticəyə imza ata bilərik.

 

- Baş məşqçi Samir Əliyev bu yaxınlarda “Neftçi”dən ayrılmaq istədiyini bildirsə də, klub rəhbərliyi onun istefasını qəbul etmədi. Əliyevin postunda saxlanılması doğru qərardı, yoxsa “Neftçi”yə başqa məşqçi lazımdı?

- Samir Əliyev yaxşı insan və məşqçidi. Onunla birgə işləmək mənə xoşdu. “Neftçi”dən getməyini istəmərəm. Rəhbərlik də ona inanır. Samir müəllimə başladığı işi sona çatdırmaq üçün vaxt vermək lazımdı.

 

- “Neftçi” Topaz Premyer Liqasının cari mövsümündə 9 oyunda cəmi 8 qol vurub. Bu isə o deməkdi ki, sizin də yer aldığınız hücum xətti yaxşı çıxış etmir. Öz oyununuz və “Neftçi”nin hücum xəttinin çıxışı barədə nə deyə bilərsiz?

- Bu vəziyyətlə heç vaxt üzləşməmişdik. Amma reallığı qəbul etmək lazımdı. Baş məşqçi mənə hansı mövqedə şans verirsə, oynayıram. Əslində, hücumun mərkəzində çıxış etmək mənim üçün elə də rahat deyil. Sadəcə, Anyete zədəli idi, Məhəmməd Qurbanov isə əvəzedici heyətə göndərilib. Bu səbəbdən hücumun sivri ucunda mən yer almalı oldum.

 

- “Neftçi”nin hücumçularının az qol vurması bəlkə yarımmüdafiə xəttinin zəif çıxışından, sizi topla lazımınca təmin edə bilməməsindən qaynaqlanır?

- Məncə, komandanın az qol vurması təkcə hücum xəttinin günahı deyil. Deməli, bütün komanda günahkardı. Düzdü, hücumçunun əsas işi qol vurmaqdı. İnanıram ki, Anyete və Məhəmməd tezliklə özlərini yaxşı tərəfdən göstərib, qolları sıralayacaqlar.

 

- Geridə qalan 9 turdan sonra 9 xal toplayaraq, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmısız. “Neftçi” mövsümün sonunda avrokuboklara vəsiqə qazana biləcəkmi, yoxsa bu, sizin üçün sadəcə, arzudu?

- Qarşıda hələ çox oyun var. Odu ki, turnir cədvəlində irəliləyəcəyimizi düşünürəm. Mövsümün sonunu gözləmək lazımdı. Biz də başa düşürük ki, 6-cı yer “Neftçi”yə layiq deyil. Biz bu pillədə çox qalmalı deyilik. Rəhbərlik bizə güvənir, dəstək olur. Çalışmalıyıq ki, öz oyunumuzla onlara təşəkkür edək. Hələ ki, alınmır. Amma əla kollektivimiz var və azarkeşlərə, xalqa sübut etməliyik ki, sadəcə olaraq, “uğursuzluq zolağı”na düşmüşdük.

 

- Xorvatiyanın “Hayduk” klubunda keçən ilk legioner karyeranız uğurlu alınmamışdı. İkinci dəfə ölkə xaricinə çıxmaq planınız varmı?

- Deməzdim ki, birinci legioner karyeram uğursuz alındı. Bu mənim üçün Avropa futbolunu görmək mənasında, böyük təcrübə oldu. Sadəcə, mütəmadi oynamadığımdan Azərbaycana qayıtdım. Bu ölkəni və “Neftçi”ni çox sevirəm. İstərdim ki, karyeramın sonuna qədər burda çıxış edim və futbolla Bakıda vidalaşım. Ancaq sabah başına nə iş gələcəyini heç kim bilmir. Mən həmişə demişəm, indi də bu fikirdəyəm ki, böyük futbolçu olmağım üçün hələ çox çalışmalıyam. Top-klubların birində çıxış etməyi istərdim. Amma özüm də başa düşürəm ki, hələ buna hazır deyiləm.

 

Tengiz MƏMMƏDOV

0