“Qalatasaray”ın müdafiəçisi Sabri Sarıoğlu dünya rekorduna bir addım da yaxınlaşıb. Apasport.az saytının məlumatına görə, 12 ildi “sarı-qırmızı” formanı geyinən təcrübəli futbolçu bu müddətdə 13 baş məşqçinin rəhbərliyi altında çıxış edib.
İlk dəfə Mirça Luçesku tərəfindən əvəzedici heyətdən əsas komandaya cəlb edilən Sabrinin 13-cü məşqçisi olan Hamza Hamzaoğlu dünən vəzifəsindən istefa verib. Fatih Terim və George Hacinin bu müddətdə iki dəfə “Qalatasaray”ı çalışdırdığını nəzərə alsaq, Sabrinin 14 məşqçi dəyişdiyini görərik.
Bu statistikaya görə, 31 yaşlı oyunçu hətta “Real”, “Barselona”, “İnter”, “Liverpul”, “Atletiko”, “Yuventus” və “Bavariya” kimi klublarda uzun illər çıxış etmiş futbolçuları da qabaqlayır. Məsələn, Stiven Cerrard 17 illik “Liverpul” karyerasında cəmi 6 məşqçi ilə birgə çalışıb.
Avropanın məşhur klublarının birində ən uzun müddət çıxış etmiş futbolçu deyəndə, ilk olaraq yada sabiq “İnter”li Xavyer Zanetti gəlir. 1995-2014-cü illər aralığında “İnter”in formasını geyinmiş əfsanəvi kapitan 19 mövsüm ərzində 17 fərqli baş məşqçinin rəhbərliyi altında oynayıb. “Qalatasaray”ın müdafiəçisi də hazırda yalnız argentinalıdan geri qalır.
Nə az, nə çox, düz 24 il “Milan”da çıxış etmiş Paolo Maldini isə Sabridən geri qalır. Belə ki, Maldininin olduğu illər ərzində “Milan” 11 fərqli baş məşqçiyə həvalə olunub.
Bu yay “Əl-Sədd” klubuna keçən Xavi Ernandes “Barselona”da olduğu illər ərzində çox məşqçi ilə çalışıb. Ancaq o da Sabridən geri qalır. Belə ki, Xavi 17 mövsümdə “Barselona”nın “sükanı arxası”nda 11 məşqçi görüb.
16 mövsüm “Real” formasını geyinmiş İker Kasilyas isə 13 baş məşqçinin dönəmində qapını qoruyub.
Uzun illər eyni klubda oynamış futbolçular arasında Con Terri də var. 18 ildi “Çelsi”də çıxış edən Terri 12 fərqli məşqçinin rəhbərliyi altında çıxış edərək, Sabrinin 12 illik göstəricisindən geri qalıb.
Qeyd edək ki, Sabri Sarıoğlu 2003-cü ildən bəri formasını geyindiyi “Qalatasaray”da Mirça Luçesku, Fatih Terim, George Haci, Erik Gerets, Karl-Haynst Feldkamp, Cevat Gülər, Mixael Skibbe, Bülənt Qorxmaz, Frank Raykard, Bülənt Ündər, Roberto Mançini, Çesare Prandelli və Hamza Hamzaoğlunun istefasına şahidlik edib.