[b]Şahin Diniyev: 3 gün ərzində etdikləri göz qabağındadı[/b]
24.02.2015 - 00:00
[b]Şahin Diniyev: 3 gün ərzində etdikləri göz qabağındadı[/b]

"İlk matçda qələbə qazanmaq yaxşıdı. Komandada qalib ruhunun formalaşması üçün ilk oyundan çox şey asılıdı. Yaşar Vahabzadənin gəlişindən sonra U-21-də yeni komanda formalaşır". Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev deyib.

 

Fevralın 20-dən etibarən 21 yaşadək futbolçulardan ibarət millimizin Antalyadakı məşqlərini izləyən təcrübəli çalışdırıcı maraqlı fikirlər səsləndirib. Komandada bəzi çatışmazlıqların olduğunu deyən Diniyev ümumilikdə razılığını dilə gətirib: "Xətlərarası

anlaşılmazlıq birinci oyunda olmalı idi, bu başadüşüləndi. Amma komandanın mübariz xarakter göstərməsi və taktiki cəhətdən ağıllı oynaması təqdirəlayiq haldı. Hələ çox işləmək lazımdı. Heyətdə müəyyən problemlər var. Tam hücumçunun olmaması müəyyən problem yaratdı. Özünüz də gördünüz ki, ikinci hissədə yalnız yarımmüdafiəçilər hücumda oynayırdılar. Bu da məcburiyyətdən irəli gəlirdi. Ehtiyatda olan futbolçular var. Komandanın bir neçə üzvü əsas millinin düşərgəsindədi. Onlar da gələndən sonra komanda daha yaxşı çıxış edəcək. Atletik futbolla texniki futbolun qarışığını oynayan komanda yaranıb ki, bu da sevindiricidi. U-21-in üzvləri kiçik mübarizələri uduzmağı belə, sevmirlər. Bu da futbolçunun xarakterindən xəbər verir".

 

U-21-in baş məşqçisi Yaşar Vahabzadə haqda da fikirlərini bölüşən Diniyev bunları əlavə edib: "Yaşar müəllimin işini qeyd edərdim. Qısa zamanda komandanı bir araya toplayıb və öz fəlsəfəsini aşılaya bilib. Hər məşqçiyə vaxt lazımdı. Amma 3 gün ərzində etdikləri göz qabağındadı. U-21 üçün bu ən yüksək pillə olmamalıdı. Daha güclü komandaya çevrilməli, bununla kifayətlənməməlidi. Birinci oyun üçün U-21-dən çox razıyam".

 

Diniyev "Coşqun Diniyevin yoxluğu hiss olunurdumu?" sualına belə cavab verib: "Əsas millidə Coşqundan əlavə, Elvin Camalov, Namiq Ələsgərov da var. Deməzdim ki, U-21-lə hazırlıq keçənlər onlardan zəifdilər. Rəqabət olanda komanda inkişaf edir. Sevindirici haldı ki, bu gün U-21-də rəqabət üçün şərait var. Toplanış çərçivəsində əsas oyun Qanaya qarşı ilə olacaq. Amma başlanğıc gözəl oldu. Həm qələbə, həm də komandanın meydanın hər qarışı uğrunda mübarizə aparması mənasında".

 

Tengiz MƏMMƏDOV / Antalya