“Matçla bağlı 2 fikirliyəm. Nəticə oyuna görə olmadı. Heç-heçəyə layiq idik. Futbol oynamayıb qələbə qazansaq, sevinmərəm. Şadam ki, yaxşı oyun nümayiş etdiririk. Yaxşı oyun varsa, nəticə də olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.
Ölkə çempionatının XXII turunda “İnter”in qonağı olan Gəncə təmsilçisi meydandan məğlub ayrılıb – 0:1.
Oyundan sonra mətbuat konfransı keçirən Diniyev matçla bağlı fikirlərini bölüşüb
O, rəqibin heyətində fərdi cəhətdən daha güclü futbolçuların olduğunu vurğulayıb: ”Problem o idi ki, gec hücum etməyə başladıq. “İnter” yalnız standart vəziyyətlərdə təhlükəli olurdu. Komandamdan razı qaldım. Topu itirən kimi, futbolçular dərhal pressinq edib, onu geri alırdılar. Sadəcə, bu gün qol vəziyyətlərini çox yarada bilmədik. Bunun da səbəbi o idi ki, “İnter” bizə qarşı 5 müdafiəçi ilə oynayırdı. Bu da işimizi çətinləşdirirdi. Rəqib son 35 dəqiqəni, ümumiyyətlə, müdafiədə keçirdi. Keyfiyyətli hücum qura bilmədik. Fikrimcə, avrokuboklara vəsiqə uğrunda şansımız davam edir. Turnir cədvəlində yuxarıdakı komandalardan çox da aralı deyilik. Bir məqamı da vurğulayım ki, rəqibin heyətində Sezar Meza Kolli, Nizami Hacıyev, Elnur Abdullayev, Nika Kvekveskiri kimi fərdi keyfiyyətləri üstün olan futbolçular var. Oyunu öz üzərlərinə götürə bilirdilər. Bu da təkbətək mübarizələr zamanı rəqibin orta sahəsinin daha üstün olmasına gətirib çıxarırdı”.
Diniyev komandasında fiziki cəhətdən problemin olmadığını dilə gətirib: “90-cı dəqiqədə hücum edə biliriksə, deməli, fiziki problemimiz yoxdu. Bu gün sağ cinahda problem yaşayırdıq. “İnter” bizə əks-hücuma keçməyə imkan vermirdi. Geridə 5 nəfər saxlayırdılar. Mövqe hücumları etməyə məcbur olduq. Halbuki bu, “Kəpəz”in oyun üslubu deyil. Biz 5-10 saniyəyə hücum edən komandayıq".
Təcrübəli mütəxəssis qeyd edib ki, bu məğlubiyyətin maliyyə durumu ilə əlaqəsi yoxdu: “Məğlubiyyətdən utanmıram. Komanda qələbə qazana da, məğlub ola da bilər. Bu gün uduzmağımızın maliyyə ilə əlaqəsi yoxdu. Son dəqiqələrdə Namiq Ələsgərov və Şəhriyar Əliyev qol epizodunu dəyərləndirə bilsəydilər, indi başqa şeydən danışırdıq. Bayaq da dediyim kimi, hücuma gec qoşulduq. Komanda ikinci hissədə qol buraxdıqdan sonra irəli atıldı”.
“Kəpəz” bu mövsüm “İnter”ə qarşı keçirdiyi 3 oyunun heç birində rəqib qapısına yol tapa bilməyib. Şahin Diniyev bunun səbəbini rəqibin oyun üslubu ilə əlaqələndirib: “İnter” yeganə komandadı ki, onun qapısına qol vura bilməmişik. Halbuki “Qarabağ” kimi komandaya 3 qol vurmuşuq. Müdafiədən hücuma sürətli keçməyi sevirik. “İnter” isə müdafiədə çox oyunçu saxlamaqla diqqət çəkir. Belədə şans qalır yalnız standart vəziyyətlərə. “Qarabağ” da “Neftçi”nin qapısına yol tapa bilmir. Bu o demək deyil ki, “Qarabağ”ın hücum xətti zəifdi. 4-cü dövrədə “İnter”in qapısına yol tapmağa çalışacağıq”.
Namiq Ələsgərovun çıxışını da dəyərləndirən çalışdırıcı ondan daha yaxşı oyun gözlədiyini bildirib: ”Bu gün tək Namiq yox, bir neçə nəfər ansambldan düşdü. Namiqi qorumalıyıq. Bu tək ona yox, digər futbolçulara da aiddi. “Neftçi” ilə oyunda Şəhriyar Əliyev qırmızı vərəqə aldı, onun əlini sıxdım. Oyunu itirmək olar, futbolçunu yox. Sadəcə, bu gün Namiqin qaçması üçün boş sahə yox idi. Onu milliyə qaytara bildik. Hələ stabil oynaya bilməz. Amma bundan da yaxşı olacaq. Uzun müddət zədəli olması təbii ki, təsir edəcək. Çalışırıq ki, qısa müddətdə daha yaxşı forma yığsın”.
Ruslan SADIQOV
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”