“Düşünmürəm ki, tribunalardan olan təzyiq mənə təsir etsin. Çünki mən peşəkaram. Həmişəki kimi bütüm diqqətim meydançada olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç deyib.
“Neftçi”yə gəlməzdən öncə “Partizan”ın əzəli rəqibi olan “Srvena Zvezda”nın şərəfini 3 il qorumuş Stamenkoviç Avroliqanın pley-off matçı öncəsi Serbiya mətbuatına danışıb. O, 2 il əvvəl “Partizan”la görüşlərdə yaşadığı qalmaqalın bu dəfə təkrarlanmayacağını bildirib: “Meydanda hər hansısa bir təxribat gözləmirəm. “Ağ-qara” formanı geyinən uşaqlar (“Partizan”ın futbolçularını nəzərdə tutur – red.) yaxşı, həqiqi idmançılardır. Sonuncu dəfə çox da böyük problem olmamışdı. Ancaq hesab edirəm ki, ehtiraslar sakitləşib. Azərbaycanlıların bizim azarkeşlər və futbolçular haqqında yaxşı düşüncələri var”.
29 yaşlı qapıçı “Neftçi” fanatlarının ona böyük hörmət etdiyini söyləyib: “Məni Azərbaycanda çox yaxşı qəbul edirlər. Bəzi fanatlarımız mənə hörmət əlaməti olaraq serb dilində mahnılar oxuyur. Bu isə mənə xüsusi motivasiya verir”.
Qeyd edək ki, sabah “Partizan” Bakı vaxtı ilə saat 23:15-də “Neftçi”ni qəbul edəcək.