DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunda millimizin qonağı olacaq Şimali İrlandiya yığması problemlə üzləşib. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, komandanın üzvü Korri Evansın sıraya dönməsi yubanacaq.
Məsələ burasındadı ki, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindən aldığı zədəni mövsümün sonuna kimi sağalda bilməyəcək. “Bləkbörn”ün üzvü millinin son toplanışına çağırılıb, məşqlərdə iştirak etsə də, Norveçlə oyunda meydana çıxmamışdı.
Həkimlər Evansın müalicəsinin uzun çəkəcəyini, onun cari mövsümü bağladığını bildiriblər. Bundan əlavə, futbolçunun Azərbaycanla qarşılaşmanı da buraxmaq ehtimalı böyükdü. Evansın əməliyyat olunacağı da istisna edilmir.
Qeyd edək ki, 2009-cu ildən Şimali İrlandiya yığmasının formasını geyinən Korri Evans millidə 34 oyunda 1 qola imza atıb.