[b]Simeone liderləri “Qarabağ” üçün qoruyur[/b]
25.10.2017 - 14:37
[b]Simeone liderləri “Qarabağ” üçün qoruyur[/b]

“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqibi “Atletiko” bu gün İspaniya Kral Kuboku turnirində ilk matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, madridlilər 1/16 final mərhələsində “Elçe”nin qonağı olacaqlar.

 

Bu mövsüm həm La Liqa, həm də Çempionlar Liqasında işləri yolunda getməyən baş məşqçi Dieqo Simeoneni sıx qrafikin yaranması ciddi narahat edir. Komanda bir həftə ərzində 3 oyun keçirəcək. Belə ki, “Atletiko” ayın 28-də La Liqanın X turunda “Vilyarreal”ı, bundan 3 gün sonra isə ÇL-in IV turunda “Qababağ”ı “Vanda Metropolitano” stadionunda qəbul edəcək.

 

AS nəşrinin məlumatına görə, həmin qarşılaşmaları nəzərə alan Simeone bu gün əsasən ehtiyat qüvvəni meydana buraxacaq. Xüsusən də, Auqusto Fernandes, Nikolas Qaytan, Fernando Torres və Lusiano Vietto kimi oyunçular özlərini göstərmək imkanı əldə edəcəklər. Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Antuan Qrizman kimi aparıcı futbolçular isə qarşıdakı vacib görüşlər üçün qorunacaqlar. Məşqçilər korpusu, xüsusən də, komanda üçün həyati önəm kəsb edən “Qarabağ”la matça kimi əsas heyət üzvlərinin zədələnməməsinə çalışır.

 

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.