[b]Stepan Polyak: Futbolçularımız növbə gözləyirlər - MÜSAHİBƏ[/b]
13.07.2015 - 09:42
[b]Stepan Polyak: Futbolçularımız növbə gözləyirlər - MÜSAHİBƏ[/b]

“İnter”in xorvatiyalı futbolçusu Stepan Polyakın apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının II təsnifat mərhələsində İslandiya təmsilçisi “Hafnafyordur”la qarşılaşacaqsız. Oyunöncəsi komandada atmosfer necədi?

- Hər şey yaxşıdı. Bu da ilk mərhələni adlamağın yaratdığı xoş ab-hava ilə bağlıdı. Komandanın bütün üzvləri özünü xoşbəxt hiss edir. Məşqlərdə həvəslə çalışırıq. İkinci mərhələni keçmək üçün də yaxşı şansımız var. Bundan istifadə etməyə çalışırıq.

 

- Rəqibi təhlil etmisizmi?

- Rəqib haqda hələ ki, ətraflı məlumata sahib deyiləm. Amma ölkələrinin ən güclülərindən olduğu aydındı. “Hafnafyordur”un atletik cəhətdən güclü komanda olduğunu düşünürəm. Bu, şimal ölkələrinin təmsilçilərinə xarakterik cəhətdi.

 

- “Hafnafyordyur”la “Neftçi” avrokuboklarda qarşılaşıb və onları hər iki oyunda məğlub edib. Bu baxımdan, azarkeşlər “İnter”in ikinci mərhələni də adlamasını gözləyirlər…

- Oyundan əvvəl iddialı danışmaq düzgün deyil. Rəqibə hörmətlə yanaşmalıyıq. Ancaq yaxşı şansımızın olduğunu da unutmuruq. Biz növbəti mərhələyə adlaya bilərik. İlk oyundan sərfəli nəticə ilə dönməliyik.

 

- Birinci oyunun səfərdə olmasının bir üstünlüyü varmı?

- Evdə və ya səfərdə oynamağın elə də ciddi fərqi yoxdu. Ancaq vacib olan birinci görüşdən yaxşı nəticə ilə ayrılmaqdı. Səfərdə bunu bacarsaq, evdə işimiz daha rahat ola bilər və məqsədimizə çatmaq asanlaşar. Necə ki, “Laçi” ilə matçda bunu komandamız bacardı. Səfərdən qollu heç-heçə ilə döndük, evdə isə sərfəli nəticə əldə edib, mərhələ adladıq. Yaxşı hazırlaşırıq, heyətimizdə ustalıq səviyyəsi yüksək olan futbolçular da var. Eyni zamanda, ilk oyun bizə rəqibi tanımağa da şərait yaradacaq.

 

- Nəzərə alaq ki, “İnter”də heyət yenidən qurulub. Komandada problemlər az deyil. Bunlar mane olmayacaq?

- Bəli, çoxsaylı yeni futbolçu gəldi, üstəlik hazırlaşmaq üçün vaxtımız da azdı. İlk günlə müqayisədə indi daha yaxşı vəziyyətdəyik. Gündən-günə də yaxşılığa doğru irəliləyirik.

 

- “İnter”in ilk mərhələdə “Laçi” ilə keçirdiyi matçlarda hansı problemlər diqqətinizi cəlb etdi?

- Həmin oyunlara problemlərimizi görmək üçün baxmırdım. Aydın məsələdi ki, yeni futbolçular çoxdusa, xətlərarası əlaqələrdə müəyyən problemlər yaranır. Anlaşma baxımından vaxta ehtiyac var. Çünki əksər futbolçular “İnter”də ilk oyununu keçirirdi. Bir müddət birgə oynadıqdan sonra hər şey qaydasına düşəcək.

 

- Adınız “Hafnafyordur”la oyun üçün iştirak ərizəsinə daxil edildi. Meydana çıxmağa hazırsızmı?

- Əlbəttə, hazıram. Bundan sonrası baş məşqçinin işidi. Fiziki baxımdan da yaxşı vəziyyətdəyəm. Çünki hər gün məşqlərdə çox çalışıram. Təkcə mən yox, bütün futbolçularımız meydana çıxmaq üçün növbə gözləyirlər.

 

- “Laçi”yə 2 oyunda 1 qol vurdunuz. Bunu hücum xəttinin passivinə yazmaq olarmı?

- Komanda yeni qurulub. “Laçi” ilə matçdan fərqli, bu dəfə daha güclü heyətlə hazırlaşırıq. Həm də bu cür görüşlərdə nəticə vacibdi, baxımlı oyun yox. Məhz səfərdə vurulan yeganə qol bizi ikinci mərhələyə daşıdı. Təbii ki, biz də çox qol vurmaq istəyirik. Bunun üçün komanda tam hazır olmalıdı.