[b]ŞÜK(Ü)R etməyən OVçu MAHİR[/b]
16.02.2016 - 14:04
[b]ŞÜK(Ü)R etməyən OVçu MAHİR[/b]

Adam çörək yediyi qaba tüpürməz və ya keçmişini unudanın gələcəyi olmaz.

 

Azərbaycan yığmasının sabiq müdafiəçisi Mahir Şükürov “Xəzər TV”nin “Futbol saatı” verilişinə müsahibəsində AFFA-dan tutmuş, “Neftçi” başda olmaqla, Premyer Liqa klublarının bir çoxunun “bostanına daş atıb”. Onun əsas hədəfi isə futbol federasiyası olub.

 

Həmin federasiya ki, 2011-ci ildə Belçika ilə heç-heçə və Qazaxıstan üzərində qələbəyə görə, Mahir də daxil olmaqla, yığmanın hər bir üzvünə 50 min manata yaxın mükafat verib. Futbolçu müsahibənin əvvəlində deyir ki, şəxsi biznesim, İzmirdə evim var. Bir sözlə, bu insanın artıq futboldan qazanacağı pula ehtiyacı yoxdu. Allah bol eləsin. Amma adama sual verərlər ki, o pulu hardan və necə qazanmısan?

 

Şükürov futbolumuzun pullu dövrünə düşdü, 500 manatlıq oynayıb, 20-30 minlik maaş aldı. Heç kimin pulunda gözümüz yoxdu. Allah daha çox qazanc yetirsin. Amma heç bir azərbaycanlı futbolçunun karyerasını bitirdikdən sonra klublara, federasiyaya söz atmağa haqqı yoxdu. Çünki onlara layiq olmadıqları halda, bu imkanı verən məhz klublar və federasiyadı.

 

Kişi deyir ki, məşqsiz də Azərbaycan çempionatında oynaya bilər. Mənə maraqlıdı, bu futbolçu hansı uğuruna öyünür, bəlkə əlahiddə nəsə edib, biz bilmirik? Bəli, yaxın keçmişdə Azərbaycanın ən yaxşı cinah müdafiəçisi olub. Amma söhbət hansısa böyük futbol ölkəsindən yox, futbolu dünyanın ən zəifləri arasında göstərilən, hətta normal stadionu olmayan Fələstindən geri qalan Azərbaycandan gedir. Şükürov da ən zəiflərin yaxşısı ola bilər.

 

Fikrimcə, müntəzəm oynasaydı, Mahir indi də yığmaya çağırılardı. Amma klubsuz qalmasının günahını da heç kimdə yox, özündə axtarmalıdı. 33 yaşlı futbolçu fəaliyyətini davam etdirənlərdən “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”, AZAL və “Qəbələ”nin formasını geyinib. Bu komandalardan hansı onu geri qaytarar? Heç biri. Axı bütün klublardan problemli ayrılıb.

 

Amma Mahirin milliləşdirilmiş futbolçularla bağlı fikirləri ilə razıyam. Onun adlarını çəkdiyi Ufuk Budak, Cihan Özkara, Əli Gökdəmir, Rüfət Dadaşov və (Dmitri Nazarov istisna olmaqla – R.S.) digərləri, həqiqətən də, yığma komandada kiminsə yerini tutublar. Düz-əməlli futbolçu olsaydılar, indi hərəsi bir həvəskar komandada olmazdı.

 

Mahir Şükürov futbolçu dövründə həmişə kim bir az çox pul təklif edibsə, düşünmədən ora keçən tək-tük oyunçulardan olub. Gələcəyinə yatırım etmək üçün bu addımı atdığını özü də etiraf edirdi. Bir sözlə, indi soyadı kimi, ŞÜK(Ü)R etməyi bacarmır, amma vaxtilə pul üçün klubları əlcək kimi dəyişib, onları OV-lamaqda MAHİR idi.

 

Ruslan SADIQOV