[b]Tahir Süleymanov: ... Kanaleslə müqavilə birtərəfli şəkildə pozulacaq[/b]
18.08.2014 - 14:33
[b]Tahir Süleymanov: ... Kanaleslə müqavilə birtərəfli şəkildə pozulacaq[/b]

“Nikolas Kanalesin transfer vərəqəsi üçün həm AFFA-ya, həm də Çili Futbol Federasiyasına müraciət etmişik”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.

 

Paytaxt təmsilçisi 4 gün öncə çilili hücumçu Nikolas Kanaleslə “1+1 il” şərtli müqavilə bağlasa da, onun xidmətindən yararlana bilmir. Buna səbəb Çili Futbol Federasiyasının futbolçunun transfer vərəqəsinin AFFA-ya göndərməməyidi.

 

Bu amil “Neftçi”nin Kanaleslə bağladığı müqavilənin pozulmasına səbəb ola bilər: “Bildiyiniz kimi, avqustun 14-də Kanaleslə müqavilə bağladıq. Həmin gündən etibarən futbolçunun bizim klubda oynaya bilməsi üçün beynəlxalq sertifikatını almağa çalışırıq. Lakin hələlik hansısa yenilik yoxdur. Avqustun 19-u saat 00:00-dək futbolçunu təmsil edən menecerə də vaxt qoymuşuq. Çünki avqustun 20-də onun adı Avroliqanın pley-off mərhələsi üçün sifariş olunmalıdı. Dediyimiz vaxtda futbolçunun sənədi gəlməzsə, bağladığımız müqavilə birtərəfli şəkildə pozulacaq”.

 

Bu onu göstərir ki, Kanalesin transferi ancaq avrokuboklar üçün nəzərdə tutulub. Əks halda, futbolçunun transfer vərəqinin gəlməməsinə görə onunla müqavilə birtərəfli şəkildə pozulmazdı: “Təbii ki, belə deyil. Ondan Azərbaycan çempionatının oyunlarında da yararlanmaq niyyətimiz var. Amma bu şərti futbolçunu təmsil edən nümayəndə qarşısında qaldırmağımız onların işlərinə daha məsuliyyətlə və daha çevik yanaşmasına hesablanıb”.

 

Qeyd edək ki, “Neftçi” Avroliqanın pley-off mərhələsində avqustun 21-də Serbiya çempionu “Partizan”ın qonağı olacaq.

 

Səbuhi TOFİQOĞLU