[b]"Məhkəməyə “Skayp" vasitəsilə qoşulmağım qəribə idi" - MÜSAHİBƏ[/b]
14.12.2015 - 14:26
[b]"Məhkəməyə “Skayp" vasitəsilə qoşulmağım qəribə idi" -  MÜSAHİBƏ[/b]

Keçmiş FİFA referisi, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun apasport.az saytına müsahibəsi

 

- Başa çatmaq üzrə olan 2015-ci ili Azərbaycan futbolu üçün necə qiymətləndirirsiz?

- Təbii ki, tam uğurlu demək olmaz. Klub futbolu adına müsbət məqam “Qarabağ” və “Qəbələ”nin Avroliqanın qrup mərhələsində oynaması oldu. Bu, Azərbaycan futbolunda bir ilk idi. Amma dünyada baş verən maddi böhranla əlaqədar, klublarımızda yaşanan maliyyə sıxıntıları çox mənfi haldı. Çalışmaq lazımdı ki, ən azından liderlər qrupunda qərarlaşan klublarımız gələn mövsüm Avroliqada bu göstəricini qoruyub saxlaya bilsinlər. Lakin çox çətin olacaq. Çünki maddi səbəbdən klubların səviyyəsinin aşağı düşməsi göz önündədi. O ki qaldı milliyə, Berti Foqtsun uğursuz dönəmindən sonra dəyişiklik baş verdi. Robert Prosineçkinin işi normal alındı. Amma bu mövsümkü səhvlərdən nəticə çıxarıb, növbəti seçmə mərhələdə daha yaxşı çıxış etmək lazımdı.

 

- “Qarabağ” 2, “Neftçi” və “Qəbələ” isə 1 dəfə Avroliqanın qrup mərhələsində iştirak edib. Amma heç bir halda, klublarımıza növbəti mərhələyə çıxmaq müəssər olmayıb. Bunun səbəbini nədə görürsüz?

- Ümumiyyətlə, qrupdan o tərəfə iddia etməyin özü doğru deyil. Çünki qarşılaşdığımız rəqiblər göz qabağındadı. “Qarabağ”ın “Tottenhem”lə evdəki oyununu göz önümüzə gətirək. Rəqib 6-7 futbolçusunu Bakıya gətirməmişdi. Hətta son 10 dəqiqədə meydana çıxan afrikalı oyunçusunun qiyməti 15 milyon dollara yaxın idi. Azərbaycan klubları – “Neftçi”, “Qarabağ” və “Qəbələ” isə maksimum 300-500 min dəyərində olan futbolçularla çıxış edib. Odu ki, qrupdan o tərəfə keçməyi iddia etmək real deyil. “Ayaks” vaxtilə Çempionlar Liqasının qalibi olub. Bu gün onlar həmin iddianı qarşılarına qoyurlar ki, ÇL və ya AL-in qalibi olsunlar?

 

- Klublarımızın qarşılaşdığı rəqiblərin daha qiymətli olduğu məlumdu. Sadəcə, ortada heç də bahalı olmayan heyəti ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Astana” nümunəsi var...

- Doğru buyurursuz. Amma “Qarabağ”ın AL-in qrupunda mübarizə apardığı qrupun səviyyəsi ÇL-in qruplarından heç də geri qalmırdı. “Tottenhem”, “Monako” və “Anderlext” kimi komandalar daimi olaraq, ÇL-də iştirak edirdilər. Qarşıdan gələn mövsümdə “Qarabağ”ın qarşısında minimum hədəf Avroliqanın, məqsəd isə Çempionlar Liqasının qrup mərhələsinə düşmək olmalıdı. “Astana”nı qeyd etdiz. Bu vəzifəni davamlı olaraq, BATE yerinə yetirir. Klublarımızın stabil olaraq, ÇL və AL-in qrupunda oynaması mütləqdi. Bundan əlavə, qarşıya 3-5 yerli futbolçunun Avropa klublarına transfer olunması məqsədi qoyulmalıdı. Bu isə ümumi Azərbaycan futbolunun inkişafına gətirib çıxara bilər.

 

- Amma bu faktdı ki, azərbaycanlı futbolçular xarici klublarda möhkəmlənə bilmirlər. Elə vaxtilə işlədiyiniz “Neftçi”nin üzvləri Araz Abdullayev, Cavid İmamverdiyev və Ruslan Qurbanovu nümunə göstərmək olar...

- Yerli futbolçuların potensialı var. Dediyiniz məqamın birinci səbəbi mentalitetlə bağlıdı. Vaxtilə türkiyəli futbolçular da eyni problemlə üzləşiblər. Hakan Şükür ilk olaraq, “Torino”ya getmişdi. İllər sonra yenə İtaliyaya transfer olundu. Ona kimi türkiyəli futbolçuları Avropada qəbul etmirdilər. Amma “Qalatasaray” və millinin uğurlarından sonra türkiyəli futbolçularına inam çoxaldı. Tuqay və Nihatdan başlamış, Arda Turana qədər, özlərini Avropada göstərdilər. Bizim futbolçuların birdən-birə gedib Avropada o uğur qazanması da mümkün deyil. Arda 4-5 il “Atletiko”da özünü sübut edəndən, nə əziyyət çəkəndən sonra “Barselona”ya transfer olundu. Bəli, bizim futbolçuların qarşısında iddia olmalıdı. Çox təəssüf ki, onların potensialları olsa da, 3-5 manata qane olub, Azərbaycanda bu səviyyədə oynamaq psixologiyası ilə meydana çıxırlar. Bu da çox mənfi haldı və təkcə klublarımızın yox, ümumiyyətlə, cəmiyyətin problemidi. Hazırda da 2-3 gənc futbolçumuzun Avropanın ortabab klublarında oynamaq potensialı var. Sadəcə, klublarımız daimi olaraq, avrokubokların qrup mərhələsində iştirak etməlidilər ki, Avropa təmsilçiləri onların potensialını görsünlər.

 

- “Neftçi”nin indiki durumu və hazırkı baş məşqçi Əsgər Abdullayevin fəaliyyəti barədə nə deyə bilərsiz?

- Son 4 turda qazanılan nəticə lider nəticəsi, “Neftçi”nin adına yaraşan nəticədi. Bu bir daha onu göstərdi ki, komandanın potensialı var idi, hər zaman da olub. Sadəcə, doğru işlər görmək lazım idi. Əsgər Abdullayev gələndən komanda taktiki-psixoloji baxımdan da güclənib. 4 oyunda 10 xal toplamaq yaxşı nəticədi. Bir neçə futbolçu zədəsinə görə komandaya kömək edə bilməsə də, “Neftçi” qələbələrini qazanır. Yanvardakı toplanışdan lazımi səviyyədə istifadə etmək lazımdı ki, səhvlər olmasın və qələbələrin ardı qış fasiləsindən sonra da gəlsin.

 

- Xarici məşqçi axtarışında olan “Neftçi”nin baş məşqçi postuna hər hansı əcnəbini gətirməsi Əsgər Abdullayevə qarşı haqsızlıq olmazmı?

- Buna ən doğru cavabı Şota Arveladze verib, deyib ki, “Neftçi” məni dəvət etmişdi və “yox” cavabı vermişəm. Şəxsi fikrimdi, adı-sanlı klubun məşqçi siyahısında 15-20 namizəd ola bilməz, mümkün deyil. Belə olanda, Şota kimi orta səviyyəli məşqçilər də “Neftçi”dən imtina edəcək. Biz “Neftçi”də uğurlar qazandığımız dövrdə daim yerli mütəxəssislərlə çalışmışıq. Əgər Əsgər Abdullayev yaxşı nəticə verirsə, mənə elə gəlir ki, məşqçi dəyişikliyi barədə düşünmək belə, yanlış olar. Amma bunu “Neftçi”nin indiki rəhbərliyi bilər. “Neftçi” baş məşqçinin kimliyindən asılı olmayaraq, çempionluq uğrunda oynamalıdı.

 

- “Neftçi”nin Emil Mpenza məsələsi barədə İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti müsbət cavablandırılmadı. FİFA futbolçunun xeyrinə çıxardığı qərarı qüvvədə saxladı...

- Ümumiyyətlə, bu tipli cəzalar Azərbaycan futbolunda həddindən artıq çox olub. Mpenza məsələsinin gündəmdə bu qədər qalmasını qəbul etmək istəmirəm. Sanki bilərəkdən ortaya atılmış addımlardı. CAS məhkəməsində iştirak etmək istəsəm də, belə məsləhət olundu. Qərar qəbul edilib. Amma bu o demək deyil ki, doğru qərardı. Mənə cəmi 1 gün öncə müraciət olundu. CAS məhkəməsinə hakimin istəyi ilə “Skayp” vasitəsilə qoşuldum. Mənim üçün də bu bir qədər qəribə gəldi. Əgər “Skayp” vasitəsilə qoşulurdumsa, nəyə görə orda iştirak etmədim? Öncədən də bildirmişdim ki, CAS-ın məhkəmə prosesində iştirak etmək istəyirəm. Nəyə görə iştirak etmədiyimi “Neftçi” rəhbərliyi bilər. Məndə olan məlumata görə, Mpenza orda saxtakarlığa yol verib. Özünün kluba gətirdiyi menecerin ona aid olmadığını, kluba aid olduğunu deyib. Mpenza mənim qarşımda bu sözü deyə bilməzdi.

 

- Qərar qüvvədə qalandan sonra “Neftçi”nin hazırkı rəhbərliyinin məsələ ilə bağlı sizinlə söhbəti olubmu?

- Olmayıb. CAS-a müraciət olunandan sonra ispan vəkil dəfələrlə Bakıda oldu. Sadəcə, 1 gün öncə Tahir Süleymanovun yada düşməsi mənə qəribə gəldi. Mənim ispan vəkillə məsləhətləşməyim daha məqsədəuyğun olardı. Bu cür məqamlarda hər bir sözün, faktın böyük əhəmiyyəti ola bilərdi. Mpenza məsələsinə kimi, FİFA-da, CAS-da Gededən tutmuş Ali Cansuna qədər, məsələlər həll etmişik və bunların heç birini mətbuatda işıqlandırmamışıq.

 

Tengiz MƏMMƏDOV