AFFA prezidenti Rövnəq Abdullayevin bu gün verdiyi açıqlama Topaz Premyer Liqası klubları üçün aşağı dəstəyə yuvarlanmaq təhlükəsi yaradıb. Apasport.az saytının məlumatına görə, finişə 8 tur qalmış 1 komandanın I diviziona yuvarlanacağının yenidən gündəmə gəlməsi bəzi komandaları real, bəzilərini nəzəri qorxu ilə üz-üzə qoyub.
Turnir cədvəlinin ilk 6 pilləsində qərarlaşan klublar son 8 matçda rahat nəfəs ala bilər. Bu komandaların işi yalnız avrokuboklar üçün mübarizə aparmaq olacaq. Onların aşağı dəstəyə yuvarlanmaq təhlükəsi yoxdur.
Düzdür, 6-cı pillədəki “Simurq” sona 8 tur qalmış autsayderdən hələ 24 xal qabaqda deyil. Zaqatalalılar “Sumqayıt”ı 23, “Rəvan”ı 22 xal qabaqlayır. Amma autsayderlərin öz aralarında oyunu qaldığından, istənilən halda, “Simurq” bu cütlükdən ən azı birindən öndə olacaq.
Yerdə qalan 4 komandanın isə sonuncu olması mümkündür. Kağız üzərində təhlükə hiss edən “Xəzər Lənkəran” cəmi 2 turdan sonra yüksək liqada yerini təmin edə bilər. “Uğursuzluq zolağı”nda olan, son qələbəsini unudan AZAL-ın da sonuncu olması nəzəri cəhətdən mümkündür.
Düzdür, autsayderlərlə “təyyarəçilər” arasında 9-10 xal fərq var. Lakin 28 matçda hərəyə 3 qələbə qazanan “Sumqayıt”la “Rəvan”ın hər ikisinin möhtəşəm finişə imza atacağı, AZAL-ın qələbəsiz seriyasını davam etdirəcəyi inandırıcı deyil.
Bu isə o deməkdir ki, aşağı dəstəyə iki nəzəri namizəd real təhlükəylə üzləşən “Sumqayıt”la “Rəvan”a baxıb təsəlli tapa bilər. Bu komandalar artıq 3 gündən sonra bir-biri ilə qarşılaşsa da, yəqin ki onların qiyabi mübarizəsi son turlaradək, bəlkə də son matçadək davam edəcək.