“Neftçi”dəki fəaliyyəti başa çatan Tərlan Əhmədov Azərbaycanın ən titullu klubunun baş məşqçisi postunda 29 oyun keçirib. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin sentyabrında “ağ-qaralar”ın “sükanı arxası”na keçən mütəxəssis 24 çempionat və 5 kubok görüşündə komandaya rəhbərlik edib.
Bu matçlarda “Neftçi” 17 qələbə qazanıb, 3 heç-heçə edib və 9 dəfə uduzub. Qələbələri bütün oyunların 59 faizini təşkil etsə də, klub rəhbərliyi onunla əməkdaşlığın davamında maraqlı olmayıb. Bu qarşılaşmalarda 48 top vuran bakılılar 28 qol buraxıb.
Çempionatdakı 24 görüşdə 14 qələbə, 3 heç-heçə və 7 məğlubiyyəti olan Əhmədovlu “Neftçi” 4 turdan sonra qərarlaşdığı autsayderlər qrupundan bürünc medala qədər irəliləyib. Bu irəliləyiş 38 vurulan qolun qarşılığında 23 top buraxmaqla gerçəkləşib.
Kubokda baş tutan 5 matçda 3 qələbə və 2 məğlubiyyəti olan paytaxt təmsilçisi 10 top vurub və iki qat az – 5 qol buraxıb.
“Neftçi”yə qayıdışını sentyabrın 16-da “Zirə”yə 1:2 hesablı məğlubiyyətlə gerçəkləşdirən çalışdırıcı “ağ-qaralar”ı uğurlu seriya ilə tərk edib. Belə ki, mayın 20-də keçirilən son oyununda “Kəpəz”i 2:1 hesabı ilə yenən “ağ-qaralar” ardıcıl 3-cü qələbəsini qazanıb. Bir sözlə, Əhmədov “Neftçi”yə üç oyunluq qələbə seriyası ilə vidalaşıb.