“Dünya futbolunda işini yaxşı bilən bir neçə mütəxəssis varsa, onlardan biri də Berti Foqtsdur. Özü də onun Yurgen Klinsmannla çox yaxşı anlaşdığını bilirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya futbolunun veteranı Tomas Helmer deyib.
Bundestimin sabiq futbolçusu yığmamızın baş məşqçisi Berti Foqtsun ABŞ millisində Yurgen Klinsmannın müşaviri olmasına münasibət bildirib.
Helmer DÇ-2014-ün final mərhələsində Almaniya ilə eyni qrupda yer alan amerikalıların “sükanı arxası”nda 2 alman mütəxəssisin durmasından narahatdır: “Onlar daim bir-biri ilə əlaqədə olub, informasiya mübadiləsi aparırlar. Foqtsun rəhbərliyi altında oynamışam. Onun üstün cəhətlərini bilirəm. Rəqibi yaxşı müşahidə etmək qabiliyyətinə malikdir. Klinsmann özü üçün çox yaxşı casus tapıb. Bu üzdən Almaniya millisi iyunun 26-da Resife şəhərindəki qarşılaşmada ehtiyatlı olmalıdır”.
Qeyd edək ki, Almaniya millisindəki karyerası Berti Foqtsun baş məşqçilik dövründən - 1990-98-ci illərdən ibarət olan Helmer Klinsmannın da oynadığı heyətdə 1996-cı ilin Avropa çempionu titulunu qazanıb.