Topaz Premyer Liqasının cari mövsümündə 10-cu dəfə turun futbolçusu adına “Qarabağ”ın üzvü layiq görülüb. Apasport.az saytının məlumatına görə, “İnStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi göstəricilərə əsasən, XXXIV turun ən yaxşısı seçilən braziliyalı Reynaldo Silva komandasının yubiley uğurunun müəllifi olub.
II, XVI, XXIV, XXVIII və XXX turların da qəhrəmanı olan cənubi amerikalı 6-cı dəfə ən yaxşı olmaqla yanaşı, mövsümün rekorduna imza atıb. Yalnız cüt turlarda qalib olan Reynaldo son 2 turun nəticələrindən asılı olmayaraq, bu göstəricidə vahid lider olacaq.
Çünki ən yaxın izləyiciləri – 3 dəfə qalib olan Vaqif Cavadov, həmçinin hərəyə 2 dəfə bunu bacaran Flavinyo ilə Rauf Əliyev son 2 turda ən yaxşı seçilsə də, Reynaldoya çatmayacaq. Hərçənd, XXXIV turadək liderdən 3 tur geri qalan izləyiciləri ardıcıl uğurlarla ona çata, Vaqif isə onu keçə bilərdi.
“Qarabağ”ın 10 uğuruna gəlincə, Reynaldodan başqa Nikolas Gelaşvili, Vüqar Nadirov, İbrahim Şehiç, Çumbinyo hərəyə 1 dəfə turun oyunçusu olub.
Qeyd edək ki, “Neftçi” 7, “İnter” 6, “Bakı” 4, “Qəbələ” və “Simurq” hərəyə 2, AZAL, “Sumqayıt” və “Xəzər Lənkəran” 1 dəfə futbolçusunun ən yaxşı seçilməsinə sevinib. “Rəvan” isə oyunçusu ən yaxşı seçilməyən yeganə komandadır.