[b]Topaz Premyer Liqasını beş barmağı kimi tanıyanlar[/b]
18.02.2016 - 15:09
[b]Topaz Premyer Liqasını beş barmağı kimi tanıyanlar[/b]

Topaz Premyer Liqasında cəmi 10 komanda mübarizə apardığından az qala hər qarşılaşmada bir neçə futbolçu sabiq klubuna qarşı oynamalı olur. Apasport.az saytının məlumatına görə, bəzi futbolçular üçün rəqiblərin az qala yarısı elə sabiq klubu sayılır.

 

Çünki hazırda Premyer Liqada çıxış edən 10 klubdan beşinin və ya daha çoxunun şərəfini qoruyan oyunçular var. Bu göstəricidə rekordçu isə Rəşad Abdullayevdi. 35 yaşlı yarımmüdafiəçi dövrə ərzində yalnız 3 dəfə oynamadığı klubla qarşılaşır.

 

Premyer Liqanın 10 komandasından 7-də oynamış Rəşad “Qarabağ”, “Kəpəz” və “Sumqayıt”dan başqa bütün klublarda oynayıb.  Bu isə o deməkdi ki, o, dövrədə 6, mövsümdə 24 dəfə sabiq komandası ilə görüşür.

 

Daha 4 nəfər indiki Premyer Liqanı beş barmağı kimi tanıyır. Bunlar Anar Nəzirov, Ramazan Abbasov, Saşa Yunisoğlu və Nodar Məmmədovdu. Onlar elita klublarının yarısında – 5 komandada çıxış ediblər.

 

Nodar “Xəzər Lənkəran”a qədər “Qarabağ”, “Qəbələ”, “Sumqayıt” və “Rəvan”da da oynamağa macal tapıb. “Zirə”nin əsas qapıçısı olan Nəzirov isə “Neftçi”, “Kəpəz”, “Qəbələ” və “Sumqayıt”da da əlcək geyinib. Ramazan isə “Rəvan”ın “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” və “Kəpəz”lə matçlarında sabiq komandası ilə üz-üzə gəlir. Onun komanda yoldaşı olan Saşa isə “İnter”, “Neftçi”, AZAL və “Qəbələ”nin uğurları üçün çalışıb.