[b]Con Toşak, “Xəzər Lənkəran” və rekord[/b]
10.02.2015 - 18:06
[b]Con Toşak, “Xəzər Lənkəran” və rekord[/b]

UEFA ən çox Avropa ölkəsində işləmiş məşqçilərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıya ən azı 5 ölkədə fəaliyyət göstərən mütəxəssislər daxil edilib. Cədvəldə “ikihakimiyyətlilik” hökm sürür.

 

Belə ki, bu göstəricidə rekordçu olan iki çalışdırıcının hər biri assosiasiyaya üzv olan 9 ölkədə işləyib.

 

Avropanın rekordçularından biri “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşakdı. Böyük britaniyalı mütəxəssis İngiltərə, Portuqaliya, İspaniya, Uels, Türkiyə, Fransa, İtaliya, Makedoniya, Azərbaycanda çalışıb. Ona şərik olan Tomislav İviç isə Xorvatiya, Hollandiya, Belçika, Türkiyə, İtaliya, Yunanıstan, Portuqaliya, Fransa, İspaniyada işləyib.

 

Bir məşqçi 8, dörd çalışdırıcı 7, beş mütəxəssis isə 6 ölkədə işləməsi ilə UEFA-nın siyahısına düşüb. Sonunculardan biri də “Turan”da çalışmış Revaz Dzodzuaşvilidi. O, Gürcüstan, Ukrayna, Latviya, Rusiya, Qazaxıstan və Azərbaycanda fəaliyyət göstərib.

 

Karyerasında UEFA-ya daxil olan 5 ölkə olan 7 məşqçidən də ikisi ölkəmizdə çalışıb. Bunlar Andrey Çernışov və Qyoko Hacıyevskidi.

 

Millimizi, “Bakı” və “Simurq”u çalışdırmış Hacıyevski Makedoniya, Bolqarıstan, Serbiya və Yunanıstanda da işləməyə vaxt tapıb. “Standard”da məşqçi olmuş Çernışov isə Rusiya, Gürcüstan, Belarus və Qazaxıstanda da fəaliyyət göstərib.

 

Qeyd edək ki, Avropa rekordçularından biri olan Toşak “Xəzər Lənkəran”da 2013-cü ildə çalışıb və ölkəmizdə Superkubok qazanıb.