Türkiyə Superliqasında 26-cı turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, "Fənərbaxça" səfərdə "Rizəspor"u 5:1 hesabı ilə məğlub edib.
Rizə şəhərində baş tutan qarşılaşmadan sonra bədbəxt hadisə baş verib. Belə ki, İstanbul təmsilçisi avtobusla Trabzon Hava Limanına hərəkət edərkən, silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində avtobus sürücüsü ağır yaralanıb və o, xəstəxanaya aparılıb.
Trabzon şəhərinin Sürmənə bölgəsində baş verən hadisə ilə araşdırmalar başlanılıb. Polis olayın detallarını incələyir.
Qeyd edək ki, 2010/2011 mövsümündə "Fənərbaxça"nın saxtakarlıqla çempion olduğunu iddia edən, qızıl mükafata özlərinin layiq olduğunu deyən "Trabzonspor" klubu və azarkeşləri İstanbul təmsilçisi ilə gərginliklər yaşayır.