UEFA Azərbaycanda keçirilmiş 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi zamanı yaşanan xoşagəlməz olayla bağlı qərar qəbul edib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qərar bu il mayın 8-də baş tutan Azərbaycan – Belçika qarşılaşması (1:1) ilə bağlı olub.
Oyun zamanı Belçika komandasının nümayəndələri öz oyunçularına qarşı azarkeşlər tərəfindən Azərbaycan qonaqpərvərliyinə yaraşmayan irqçi ifadələrin səsləndirildiyi iddiası ilə UEFA-ya müraciət etmişdilər. UEFA dərhal AFFA-ya qarşı intizam icraatı başlayaraq məsələni araşdırmış və AFFA-dan məsələyə münasibət bildirməsini tələb etmişdir. AFFA tərəfindən məsələyə əsaslandırıcı münasibət bildirilmiş, azarkeşlərimizin hər zaman FİFA-nın və UEFA-nın futbolda irqi və digər ayrı-seçkiliklərə qarşı prinsipinə uyğun davrandıqları qeyd olunmuşdur.
Yekun olaraq, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələ ilə bağlı AFFA-nın əsaslandırılmış mövqeyini nəzərə alaraq, bu cür hallarda nəzərdə tutulan ən yüngül cəza növlərindən birini – UEFA bayrağı altında keçiriləcək yarışlar zamanı növbəti ev oyununda azı 300 nəfərdən ibarət olan sektorun bir oyunluq qapadılması və həmin sektorda UEFA-nın loqosu əks olunan “No to Racism” (Rasizmə Yox) şüarının yerləşdirilməsi barədə qərar qəbul edib. Qərar 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Farer adaları oyununda icra olunacaq.