“Ukrayna Premyer Liqa klublarından konkret təklif almamışam. Artıq Türkiyəyə yollanmağa hazırlaşıram”. Bu sözləri “Çernomorets”dən yenicə ayrılan Dmitri Bezotosnı deyib.
“Qəbələ”nin transfer gündəmində olan 31 yaşlı qapıçı Ukrayna mətbuatına açıqlamasında bir klubla danışıq apardığını və bunu yekunlaşdırmaq üçün Antalyaya yollanacağını deyib: “İndi yalnız Türkiyəyə gedəcəyimi deyə bilərəm. Maraqlanan, təklif göndərən komanda var. Ora gedib bu məsələyə son qoymaq lazımdı”.
Bezotosnı təklif aldığı komandanın adını açıqlamasa da, məlum məsələdi ki, söhbət “Qəbələ”dən gedir. Ukrayna mətbuatı da qolkiperin hazırda Antalyada təlim-məşq toplanışında olan “Qəbələ”nin düşərgəsinə yollanacağını bildirib.