[b]Ukraynalı qapıçı: Borisovun pərəstişkarı olmuşam - MÜSAHİBƏ[/b]
23.03.2015 - 00:03
[b]Ukraynalı qapıçı: Borisovun pərəstişkarı olmuşam - MÜSAHİBƏ[/b]

Futzal üzrə Avropa çempionatının əsas mərhələsi çərçivəsində Bakıda keçirilən qrup oyunlarının hamısında qələbə qazanan Ukrayna millisi final mərhələsinə birbaşa vəsiqə qazanıb. Yığmamızla dueldəki 3:2 hesablı qələbənin memarı olan təcrübəli qapıçı Yevgen İvanyak apasport.az saytının suallarını cavablandırıb.

 

- Oyunun bu dərəcədə gərgin keçəcəyini gözləyirdinizmi?

- Birinci yerə iddialı iki komanda qarşılaşırdı. Üstəlik, bizi ancaq qələbə qane edirdi. Buna görə də, 3 xalı qazanmaqdan başqa yolumuz yox idi. Məncə, Ukrayna layiq olduğu qələbəni və vəsiqəni qazandı. Həm fiziki, həm də taktiki planda daha yaxşı çıxış etdik. Bundan da yaxşı oynaya bilərik. Çalışacağıq həm Avropa, həm də dünya çempionatında Ukraynanı layiq olduğu yerlərə daşıyaq.

 

- Ukrayna qrupdakı əsas rəqibini nəyin hesabına üstələdi?

- Biz daha sürətli oynayırdıq. Mobil olmağımız da qələbədə yardımçı oldu. Hücumları uğurla təşkil etdik, müdafiədə isə demək olar, səhvsiz oynadıq. Komanda olaraq qələbəyə köklənmişdik. Ukraynanın uğur qazanamsı bunlarla bağlı idi.

 

- Son saniyədəki epizod zamanı qayda pozuntusu var idimi?

- Orda top əvvəlcə qapı dirəyinə, sonra rəqib futzalçıya dəydi və sonda mənə düşdü. Top artıq rəqibə dəydiyinə görə, heç bir qayda pozuntusu yox idi. Düzdür, buna görə rəqib hakimə etirazını bildirdi. Ancaq referi baş verənləri aydın görürdü, ona görə də cərimə təyin etmədi. Üstəlik, vaxt da başa çatmışdı.

 

- "Pley-off"dakı komandalar artıq bilinir. Necə fikirləşirsiniz, yığmamız Avropa çempionatının final mərhələsindəki rəqiblərinizdən ola biləcəkmi?

- İlk növbədə Azərbaycan yığmasına uğurlar arzulayıram. Bir qədər səbirli olsunlar. Müəyyən vaxtdan sonra yığmanız daha güclü və yüksək yerlərdə olacaq. Yığmanızın mərhələ adlayacağına inanıram. Çünki güclü komandanız var.

 

- Yığmamızın heyətində xüsusi fərqləndirmək istədiyiniz futzalçı varmı?

- Vitali Borisovu qeyd etmək istərdim. Onun pərəstişkarı, azarkeşi  olmuşam. Rafael Durval da seçilən futzalçılardandı. Onun oyununu da xüsusi vurğulamaq istərdim.