“Əlbəttə ki, biz bu nəticə ilə üzləşməyimizi istəməzdik. Bütün komanda mübarizə apardı. İlk 20 dəqiqə ərzində 2 top buraxdıq. Düşünürəm ki, bu amil oyunumuza hardasa mənəvi cəhətdən təsir etdi”. Apasport.az saytının məlumatına görə, bunu millimizin hücumçusu Vaqif Cavadov deyib.
Bu gün millimiz Moskvada Rusiya ilə yoldaşlıq matçı keçirib. Yığmamız meydan sahiblərinin darmadağını ilə üzləşib – 0:4.
Fasilədən sonra Rüfət Dadaşovun əvəzinə meydana daxil olan Cavadov oyundan sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb: “Bu oyun bizim üçün vacib idi. Çünki sentyabrın 9-da Bolqarıstanla vacib qarşılaşma öncəsi bu hazırlıq matçını keçirirdik. Hesab pis oynadığımızı deyə bilər. Amma mən belə düşünmürəm. Çünki biz döyüşdük, xüsusən ikinci hissədə yaxşı oynadıq. Ona görə də bunu faciəyə çevirmək lazım deyil. Əsas oyun sentyabrın 9-dadır. Bilirik ki, həmin matçda bir neçə dəyişikliklər olacaq. Bolqarıstanla oyuna kimi hələ vaxt var. Biz həmin matça tamam başqa motivasiya ilə çıxmağa çalışacağıq. Bu, futboldur. Futbolda belə nəticələr olur. Həyat davam edir. Bilirəm ki, bu nəticə qarşıdakı oyuna təsir edə bilər. Hər məğlubiyyət adama təsir edir. Amma biz bolqarlarla matça kimi toparlanmalıyıq. Həmin görüş Rusiya ilə matçdan daha vacibdir”.