“Təkliflərimizi hazırladıqdan sonra Elxan Məmmədovla görüşdük. İclasda bir çox məsələləri müzakirə etdik. Məmmədov tapşırdı ki, təkliflərə bəzi əlavələr edək”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Qarşıdakı həftədə AFFA-nın baş katibi ilə yenidən görüşəcəklərini bildirən təcrübəli mütəxəssis təkliflər hazırlayarkən legioner limiti məsələsini də unutmadıqlarını əlavə edib: “Təkliflər paketində bir çox məsələlərə yer vermişik. Təbii ki, legioner limiti məsələsini də unutmamışıq. Konkret say önə sürməmişik. Amma bizim istəyimiz odu ki, Azərbaycana daha səviyyəli legionerlər gətirilsin. Bura gələn əcnəbilər yerlilərdən güclü olmalıdılar. Əks təqdirdə, legioner yığıb gətirməyin mənası yoxdu”.
Sadıqovun sözlərinə görə, onların təqdim etdikləri təkliflərin siyahısında əlahiddə bir şey yoxdu: “Biz uşaq futbolundan tutmuş digər məsələlərə qədər, hər şeyə həmin siyahıda yer ayırmışıq. Amma böyük bir yenilik gözləməyin. Evi söküb, yenidən tikmək fikrimiz yoxdu. Sadəcə, bəzi məsələlərdə dəyişikliklər olsa, yaxşıdı. Bütün bunlara baş katiblə ikinci görüşümüzdən sonra aydınlıq gələcək”.