Milli komandamızın sabiq futbolçusu Vyaçeslav Lıçkin hazırda Azərbaycandadı. Apasport.az saytının məlumatına görə, dünən gecə Qəbələyə gələn Lıçkin özü ilə iki futbolçu da gətirib.
41 yaşlı mütəxəssis Sankt-Peterburqda yaşayan iki azərbaycanlı futbolçunu Qəbələyə gətirib. Bunlar 15 yaşlı Çingiz Rəsulov və Nurlan Xəlilovdu. Yeniyetmə oyunçular “Qəbələ” Futbol Akademiyasının məşqçiləri tərəfindən baxışdan keçəcəklər.
Bu barədə məlumatı apasport.az-a akademiyanın direktor müavini Nail Kərimov verib. O bildirib ki, Lıçkinlə gələcəkdə də əməkdaşlıq etmək fikrindədilər: “Seleksiya qrupunun fəaliyyətini Azərbaycanın hüdudlarından kənara çıxarmaq istəyirik. Əsas diqqətimiz də Rusiya və Ukraynaya yönələcək. Rusiyada yaşayan azərbaycanlı yeniyetmələrin akademiyamıza cəlb olunması üçün Vyaçeslav Lıçkinlə gələcəkdə də əməkdaşlıq etməyi nəzərdə tuturuq”.
Qeyd edək ki, Vyaçeslav Lıçkin Sankt-Peterburqda futbol müəllimi işləyir.
Ruslan SADIQOV