[b]Xaqani Məmmədov: Futbolçuya niyə inanmalıyam?[/b]
25.02.2015 - 12:04
[b]Xaqani Məmmədov: Futbolçuya niyə inanmalıyam?[/b]

“Futbolçu istədiyini deyə bilər. Amma bu, o demək deyil ki, onun sözləri doğrudu”. Bunu apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

 

Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” matçından sonra qonaqların futbolçusu Karlos Kardoso yan xətt hakimi Nahid Əliyevin onu söydüyünü bildirmişdi.

 

Həmin qarşılaşmanın hakim-inspektoru olan Xaqani Məmmədov isə belə bir şeyin olmadığını deyib: “Həmin oyunun 6 hakiminin hamısı ilə görüşmüşəm. Əgər onlardan biri söyüş işlətsəydi, digər hakimlərin mütləq xəbəri olardı. Çünki qulaqcıqla eşidilərdi. Ancaq onlardan heç biri belə bir halın baş verdiyini bildirmədi. Futbolçuya mən niyə inanmalıyam? Biz, ümumiyyətlə, hakimlərə həmişə etik qaydalara riayət etməyi tapşırırıq. Onlara deyirik ki, futbolçulara “sən” yox, “siz” deyə müraciət edin”.

 

Qeyd edək ki, AZAL – “Neftçi” oyunu ikincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Rəvan ƏKBƏR