[b]Xaqani Məmmədov FİFA referilərinin “yanmasını” izləyir[/b]
06.11.2017 - 10:53
[b]Xaqani Məmmədov FİFA referilərinin “yanmasını” izləyir[/b]

Komandalardan fərqli, mövsümə stabil başlayan hakimlərimizə deyəsən, göz dəydi. Mövsüm yarılanmamış turdan-tura səhvlərin sayı artmaqdadı.

 

Bir həftə əvvəl “Zirə” – “Qəbələ” matçında Fariz Yusifovun qalmaqallı qərarları, görünür həmkarlarına xüsusi “motivasiya” verib. XI turda 4 oyundan 3-də meydandakı oyun və nəticə yox, məhz hakim qərarı müzakirə mövzusuna çevrilib.

 

“Kəpəz” – “Qarabağ” matçında hesab 0:0 olarkən baş hakim Rəhim Həsənov 1 dəqiqə ərzində 2 qərarını dəyişdi. Viktor Oseqeyl feyr-pley hərəkəti etməsəydi, indi hamı FİFA referisinin səhvindən danışacaqdı. Nigeriyalı həm nəticəyə ciddi təsirin qarşısını aldı, həm də haqsız yerə sarı vərəqə alan İbrahim Şehiçlə bağlı qərarın dəyişməsinə səbəb oldu. Halbuki, həmin epizodda Oseqeyl elə həvəskarcasına özünü yerə atmışdı ki, bunu görməmək üçün elə həvəskar hakim olmalısan.

 

Digər FİFA hakimi Ömər Paşayev də həmkarından geri qalmadı. “Neftçi” ilə oyunun son dəqiqəsində “Zirə”nin əks-hücumdan vurduğu 2-ci qolda yan xətt hakimi bayrağını qaldırmaqla baş hakimi səhvə sürüklədi. “Sumqayıt” – “Keşlə” qarşılaşmasında isə Əliyar Ağayevin köməkçisi Nizami Hacıyevin ofsayddan vurduğu qol zamanı mərkəzə qaçmaqla briqadasının əziyyətini puç etdi.

 

Avropanın böyük ölkələrində “Mançester Siti” – “Arsenal” görüşündə ofsayddan vurulan qol, “Real” və “Barselona”nın təmiz penaltisinin verilməməsi nümunələri də var. Ancaq onlardan fərqli, azərbaycanlı hakimlərin zəif idarəçiliklərinin yeganə səbəbkarları özləri deyil. Rəhim Həsənov və Əliyar Ağayev noyabrın 2-də, Ömər Paşayev isə ertəsi gün I divizionda fit çalıblar.

 

İki gündən bir oyun idarə edən hakimdən nə gözləmək olar? FİFA dərəcəli referilərin I diviziona sürüklənməsinin bir səbəbi var, o da hakim çatışmazlığı. Artıq neçə ildi ki, futbol ictimaiyyəti, mətbuat hakim qıtlığının olduğunu bar-bar bağırır. Bunu görməmək mümkün deyil. Ancaq əvvəllər bu reallığı danan, hər səhvə görə yetirmələrini müdafiə edən AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov nədənsə, cari mövsümdən yaxasını çəkib kənara. Özünü unutduran Məmmədov “yüklədiyi” hakimlərin “yanmasını” izləməklə məşğuldu.