[b]Xorvatiya mətbuatı: İtaliyalı futbolçular Bakıda zədələnməyiblər[/b]
13.10.2015 - 14:06
[b]Xorvatiya mətbuatı: İtaliyalı futbolçular Bakıda zədələnməyiblər[/b]

İtaliya yığmasında zədəli futbolçuların sayı durmadan artır. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Marko Parolo da zədəlilər “karvanına” qoşulub.

 

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycanla Bakıda keçirilən qarşılaşmaya David Santon, Lorenzo İnsinye və Domeniko Berardidən məhrum çıxan “Skuadra Adzurra” paytaxtımızdakı ilk məşqdəcə Andrea Pirlonu itirmişdi. Qarşılaşmada 90 dəqiqə meydançada qalan Marko Verratti də sonradan ağrılardan şikayətlənməyə başlayıb.

 

İndi isə Parolonun sol ayağından xəsarət aldığı açıqlanıb. Sən demə, başdan sona qədər meydançada olan “Latsio”nun oyunçusu ikinci dərəcəli zədə alıbmış. Çox güman ki, digər zədəlilər kimi, Parolo da Norveçə qarşı bu gün keçiriləcək seçmə mərhələnin son görüşünü buraxacaq.

 

Xorvatiya mətbuatı isə italyan futbolçuların özlərini qorumaq üçün bu addıma əl atdıqlarını iddia edib. Xorvatların fikrincə, “Skuadra Adzurra” final mərhələsinə vəsiqəni təmin etdiyindən, aparıcı futbolçular Norveçlə oyunda meydançaya çıxıb özlərini riskə atmaq istəmirlər. Bu isə Norveçin qələbə şanslarını artırır.

 

Qeyd edək ki, Norveç bu gün İtaliya yığmasını məğlub edə bilsə, final mərhələsinə vəsiqə qazanacaq. Əks təqdirdə, bu qrupda ikinci xoşbəxt komanda Malta üzərində qələbə qazanacağına şübhə olmayan Xorvatiya olacaq.