[b]Yaddaqalan 2017: ÇL-in qrupu, qızıl medal, danışılmış oyunlar...[/b]
29.12.2017 - 15:23
[b]Yaddaqalan 2017: ÇL-in qrupu, qızıl medal, danışılmış oyunlar...[/b]

2017-ci il Azərbaycan futbolu üçün olduqca yaddaqalan keçdi. Apasport.az saytının məlumatına görə, həm yaxşı, həm də pis mənada bir neçə hadisə baş verdi.

 

Millimizin seçmə mərhələdə rekord sayda xal toplamasını, “Qarabağ”ın Çempionlar Liqasının qrupunda iştirakını və U-23 yığmamızın IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmasını tarixi an kimi qeyd etmək olar.

 

Lakin istər Premyer Liqada, istərsə də I divizionda danışılmış oyunlar və manipulyasiya faktı futbolumuza ciddi ləkə yaxdı.

 

Gəlin, 2017-ci ilin yaddaqalan məqamlarını bir daha xatırlayaq.

 

1 qələbə ilə gələn rekord

DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürən milli komandamız 2016-cı ildə keçirdiyi 4 görüşdə 7 xal toplamaqla azarkeşləri xeyli ümidləndirmişdi. Artıq çoxları qrup ikinciliyindən dəm vururdu. Lakin 2017-ci ildə bunun davamını gətirmək mümkün olmadı. Robert Prosineçkinin yetirmələri ardıcıl məğlubiyyətlərlə turnir cədvəlinin 5-ci pilləsinə qədər yuvarlandı. 6 oyundan 5-də uduzan komandamız Bakıda San-Marinoya böyük hesabla (5:1) qalib gəldi ki, bu, yalnız yeni rekord baxımından təsəlli oldu. Belə ki, millimiz tarixində ilk dəfə seçmə mərhələni 10 xalla başa vuraraq, Berti Foqtsun dönəmindəki 9 xallıq rekordu yenilədi.

 

Ardıcıl 3-cü “qızıl dubl”

Son illər Azərbaycan futbolunda hegemonluq edən “Qarabağ” ənənəsini bu il də davam etdirdi. Premyer Liqada ən yaxın izləyicisi “Qəbələ”ni sonda 10 xal qabaqlayan Qurban Qurbanovun komandası ölkə kubokunun finalında da məhz bu rəqibini üstələyərək, “qızıl dubl”a imza atdı. Bu, ağdamlıların ardıcıl 3-cü “qızıl dubl”u oldu. Ölkə çempionatında son 4 mövsümün qalibi olan Qurbanovun yetirmələri kubokda da 3 il idi ki, titulu heç kimə vermirdilər. Ancaq cari mövsümün 1/4 final mərhələsində “Sumqayıt”a məğlub olan “Qarabağ”ın artıq ənənəsini davam etdirməyəcəyi dəqiqdi.

 

Debütdə çempionluq

12-22 may tarixlərində Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışları da oldu. İlk dəfə formalaşan Azərbaycanın U-23 komandası turniri Yaşar Vahabzadənin rəhbərliyi altında keçirdi. Kamerun, Mərakeş və Səudiyyə Ərəbistanı ilə birlikdə yer aldığı A qrupunu 5 xalla ikinci bitirən komandamız yarımfinalda Əlcəzairi 2:0, finalda isə Omanı 2:1 hesabı ilə məğlub edərək, ilk dəfə qatıldığı İslamiadanın qızıl medallarına yiyələndi.

 

Avrokubokda yeni tarix

Avropanın ən mötəbər klub turniri sayılan Çempionlar Liqasında (ÇL) 2017-18 mövsümü Azərbaycan futbolu üçün tarixi oldu. Təsnifat mərhələlərində ardıcıl olaraq “Samtredia” (Gürcüstan), “Şerif” (Moldova) və “Kopenhagen”i (Danimarka) mübarizədən kənarlaşdıran “Qarabağ”, nəhayət ki, azarkeşlərə ÇL-in qrup sevincini yaşatdı. Ağdam klubunun “ölüm qrupu”na düşməsi, “Çelsi”, “Atletiko” və “Roma” kimi Avropa nəhənglərinin Bakıya gəlməsi isə azərbaycanlı futbolsevərlər üçün əlavə bayrama çevrildi. Təbii ki, “Qarabağ”dan qrupda nəsə gözləmək yersiz olardı. Lakin həm “Roma”, həm də “Atletiko”ya qarşı baxımlı oyun sərgiləyən təmsilçimiz hətta ispanlardan hər iki qarşılaşmada xal almağı da bacardı. Bu isə Çempionlar Liqasının son finalçısı olan “Atletiko”nun növbəti mərhələ arzusunu puç etdi.

 

Kapitanın vidası

2001-ci ildən millimizin şərəfini qoruyan Rəşad Sadıqov oktyabrın 7-də sonuncu dəfə formanı geyindi. Lakin komanda yoldaşları seçmə mərhələdə Çexiya ilə Bakıdakı qarşılaşmada kapitanı uğurlu nəticə ilə yola sala bilmədilər – 1:2. Beləliklə, yığmamızın rekordçusu olan Sadıqov geridə qalan 16 il ərzində 111 görüşdə iştirak edib, aktivinə 5 qol yazdırdı.

 

Millilərdə yeni təyinatlar

DÇ-2018-in seçmə mərhələsi başa çatdıqdan sonra Robert Prosineçki ilə yeni müqavilə imzalamayan AFFA yığmanın “sükanı arxası”na yerli mütəxəssis gətirdi. Uzun müddətdi adı milli ilə çəkilən Qurban Qurbanov noyabrın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bu posta təyin olundu. Assosiasiya ilə uzunmüddətli müqavilə imzalayan Qurbanov “Qarabağ”ı da çalışdırmaqda davam edəcək. Məhz 45 yaşlı çalışdırıcının göstərişi ilə aşağı yaş qrupu üzrə yığmalara da yeni baş məşqçilər gətirildi. Qurbanovun məsləhətindən sonra Ramin Quliyevi U-17-yə, Zaur Həşimovu U-18-ə, Vüqar Məmmədi U-19-a gətirən AFFA “Qarabağ”ın kapitanı Rəşad Sadıqova isə U-21-lə yanaşı, yeni yaradılmış U-20 yığmasını həvalə etdi.

 

Manipulyasiya və futboldan uzaqlaşdırılanlar...

Həvəskar səviyyədə keçirilən I divizionla bağlı martın 16-da sərt qərarlar verildi. Belə ki, danışılmış oyunlardakı iştiraka görə, “Rəvan” və “Şərurspor” komandaları çempionatdan, bir neçə futbolçu və klub rəsmisi isə futboldan uzaqlaşdırıldı. Ən böyük “partlayış” noyabrın 25-də Premyer Liqada baş tutan “Neftçi” – “Keşlə” (3:1) qarşılaşmasından sonra oldu. “Neftçi” ilə ilkin razılıq əldə edən “Keşlə”nin futbolçusu Nizami Hacıyev və komanda yoldaşı Mirhüseyn Seyidov həmin günün axşamı hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Çox keçmədən sərbəst buraxılan oyunçuların adları bukmeker kontorlarına pul qoyuluşunda hallandı. Seyidovun “Neftçi” ilə matçı qəsdən zəif keçirmələri ilə bağlı etirafı isə bir çox məqama aydınlıq gətirdi. Nəticədə AFFA İntizam Komitəsi dekabrın 1-də Nizami Hacıyev və Mirhüseyn Seyidovu ömürlük futboldan uzaqlaşdırıldı. Cəmi 5 gündən sonra oyunların nəticələrinin manipulyasiyasında günahkar bilinən “Neftçi”nin məşqçisi Ağakişi Mehdizadənin futbol fəaliyyətinə ömürlük son qoyuldu. Məsələ ilə bağlı araşdırmalarını davam etdirən AFFA hər an daha bir neçə futbol adamına eyni cəzanı tətbiq edə bilər.

 

Klublarda istefalar

Premyer Liqanın 8 klubundan yarısı ilin gedişində baş məşqçi dəyişikliyinə əl atdı. Bu baxımdan “Neftçi” və “Keşlə” daha fəal nəzərə çarpdı. Ötən ildən “ağ-qaralar”ı çalışdıran Elxan Abdullayev cari mövsümdə komandanı cəmi 2 oyunda meydana çıxardı. Ardından daha 2 tur Elşad Əhmədovun çalışdırdığı “ağ-qaralar” sentyabrda Tərlan Əhmədova həvalə edildi.

Cari mövsümün ilk 10 turundan sonra Zaur Svanadze ilə vidalaşan “Keşlə”ni son 4 turda Ramiz Məmmədov meydana çıxardı. Qış fasiləsi yaranan kimi onu əvvəlki işinə qaytaran “Keşlə” rəhbərliyi ukraynalı Yuri Maksimovu baş məşqçi təyin etdi.

“Kəpəz”in uğursuz mövsüm keçirməsi Şahin Diniyevin noyabrda istefası ilə nəticələndi. Onu əvəzləyən Yunis Hüseynov hələlik Premyer Liqada cəmi 2 görüşdə gəncəlilərə rəhbərlik edib.

Ötən mövsüm I divizionda olarkən Elman Sultanovun başçılığı altında oyunlara çıxan “Səbail” isə Premyer Liqaya yüksəldikdən sonra Samir Əliyevə tapşırıldı.

 

Ənənəyə sadiq qalan legionerlər

Hər il olduğu kimi, bu dəfə də legioner həyatı yaşayan azsaylı futbolçularımız ölkə xaricində çox qalmadılar. Apreldə “Boavişta”dan qalmaqallı şəkildə ayrılan Kamran Ağayev yeni mövsümə “Mlada”da başladı. Millimizin qolkiperi hər iki komandada “1 nömrə”yə çevrilməyi bacarmışdı. Lakin ənənəsini davam etdirən Ağayev Çexiyada da çox qalmadı və bu günlərdə “Keşlə” ilə anlaşdı.

Cari mövsümün əvvəlinə qədər “İnter”in (hazırkı “Keşlə”nin) formasını geyinən Rauf Əliyev avrokuboklarda da komandaya kömək etdikdən sonra Albaniyaya üz tutdu. “Kukesi”də olduqca uğurlu çıxış edən millimizin hücumçusu gözlənilmədən bu ay öz istəyi ilə komandadan ayrıldı. Lakin bir mövsümdə 3-cü klubda oynamaq qadağası səbəbindən özünə komanda tapmaqda çətinlik çəkir.

Futbolun sirlərini Rusiyada öyrənən Emin Mahmudovla Ramil Şeydayev də Azərbaycana üz tutmalı oldular. Mahmudov bu mövsümün əvvəlində “Boavişta”nı “Neftçi”yə dəyişdi. Şeydayev isə ilin ilk yarısını icarə əsasında “Jilina”da keçirsə də, orda möhkəmlənə bilmədi. Nəticədə “Qarabağ” yayda onu “Trabzonspor”dan icarəyə götürdü.

Legioner həyatı yaşayan oyunçularımızdan yalnız Araz Abdullayev hələlik ümidləri doğruldur. İlin əvvəlində “Neftçi”dən “Qəbələ”yə keçən yarımmüdafiəçi “qırmızı-qaralar”da çox qalmadı və yayda “Anortosis”lə anlaşdı. Qısa müddətdə komandanın liderlərindən birinə çevrilən Abdullayev hazırda komandanın Kipr çempionatında liderlər qrupunda qərarlaşmasında böyük rol oynayır. Ümid edirik ki, digərlərindən fərqli, Araz qısa müddətdə geri qayıtmaz, əksinə, ölkə xaricində uğurlu çıxışını davam etdirər.

 

Ruslan SADIQOV