Topaz Premyer Liqasının XXXV turu legionerlərin aşkar üstünlüyü ilə keçib. Apasport.az saytının məlumatına görə, mayın 12-də vurulan 9 qoldan 8-ni əcnəbi futbolçular
vurub.
Yerli futbolçulardan isə yalnız Mahir Şükürov fərqlənib. O, “Neftçi”nin “Rəvan”la oyununda (2:1) komandasının qələbə qoluna imza atıb. Bu görüşdəki digər qolları isə kamerunlu Mişel Balokoq və braziliyalı Bruno Bertuççi vurub.
Sonuncunun həmyerlisi Elias Ribeiro “Xəzər Lənkəran”ın “Simurq”la oyununda fərqlənib. Cənubluların digər qoluna mərakeşli Zohair Benouahi imza atıb. Zaqatala təmsilçisinin hər iki qolunun müəllifi isə serbiyalı Draqan Çeran olub.
Bu turda Xorvatiya və Rusiya təmsilçiləri də qol sevinci yaşayıb. Xorvat Aleksandar Soliç “Bakı” – AZAL, rusiyalı Məhəmməd Qurbanov “Sumqayıt” – “Qarabağ” matçının taleyini həll edib.