[b]Yaşar Seyidov: “Neftçi” ona 10 min manat maaş verirsə...[/b]
24.12.2014 - 12:16
[b]Yaşar Seyidov: “Neftçi” ona 10 min manat maaş verirsə...[/b]

“Rəhman Hacıyev bizim klubun yetirməsidi. Onu “Qaziantep BB”yə icarəyə verən biz olmuşuq. İndi icarədən qayıdıb. Deməli, Rəhmanı heyətinə qatmaq istəyən klub ilk növbədə, bizimlə razılığa gəlməlidi. Çünki transfer vərəqəsi bizdədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun icraçı-direktoru Yaşar Seyidov deyib.

 

Rəhman Hacıyevin “Neftçi”yə keçmək ehtimalını dəyərləndirən klub rəsmisi futbolçulardan gileylənib: “Bakı” bu uşaqları yetirir, onların futbolçu olması üçün əlindən gələni edir. “Bakı”nın akademiyasında oxuyan uşaqlar təbii meydanda məşqlər keçirlər. Təbii meydançanın aylıq xərci 7 min manatdı. Sözümün canı odu ki, “Bakı” bu xərcləri ödəyir. Biz demirik ki, futbolçular digər kluba keçməsinlər. Amma “Bakı” həmin oyunçuları yetiribsə, haqlı olaraq onların transferindən pul əldə etməlidi. Futbolçular bu məsələdə çox savadsızdılar. Onları yetişdirən klublara qarşı diqqətsizlik edirlər”.

 

Seyidov “Neftçi”dən tələb etdikləri məbləği açıqlamasa da, görünən odu ki, Rəhman Hacıyevin ailəsi buna görə “Bakı” klubundan narazı qalıb. İcraçı-direktorun sözlərinə görə, Rəhmanın əmisi bu günlərdə onunla görüşüb: “Əmisi gəldi, görüşdük. Onu da başa saldıq ki, akademiyada yetişən hər futbolçuya görə çəkilən xərclər var. Onlara akademiyada gündə 3 dəfə yemək verilib, bütün qayğıları ilə məşğul olmuşuq. Bunları nəzərə almaq lazımdı. Rəhmanı Tovuzdan gətirib, onu 16 yaşında çempionat oyununa buraxan biz olmuşuq. Siz deyin, indi “Bakı” neynəməlidi? Öz yetirməsinə görə pul tələb etməməlidi?”

 

“Bakı” rəsmisi digər futbolçu Nurlan Novruzovun da “Neftçi”yə keçmək variantına toxunub: “Neftçi” bizimlə danışığa başlamayıb. Nurlanın bu kluba keçmək istəməsi normaldı. Şərti deyirəm, “Bakı”da 2 min manat alırsa və “Neftçi” ona 10 min manat maaş verirsə, təbii ki, getmək istəyəcək. Klublar Komitəsində də bu məsələ müzakirə olundu. “Bakı”nın yetirmələrini digər klubların şirnikləndirməməsini xahiş etdik. Klublar yetişdirdikləri oyunçulardan nəsə qazanmalıdı da. İndi futbolçuların valideynləri gəlir ki, yox e, icazə verin, getsin. Axı biz akademiyamızda yetişən hər uşağın 5 il əziyyətini çəkmişik”.

 

Tengiz MƏMMƏDOV