“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Afina təmsilçisi heyətinə daha 2 oyunçu cəlb edib.
Baş məşqçi Marinos Ozunidisin tapşırığına əsasən, rəhbərlik müdafiənin cinahlarında yaranan boşluğu doldurub. İlk olaraq “Alkmaar”ın isveçli sağ cinah oyunçusu Mattias Yohanssonun keçidini həll edən yunanlarda ən yaralı mövqe sol cinah sayılırdı. “Yaşıllar” bu problemi də uzun müddətdi danışıq apardıqları “Udineze”nin braziliyalı üzvü Qabriel Silva ilə həll ediblər.
“Panatinaikos” Avropa Liqasında “Qəbələ” səddini keçərsə, hər iki futbolçu pley-off mərhələsi üçün sifariş veriləcək.
Qeyd edək ki, “Panatinaikos” ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi “Qəbələ” ilə sabah Bakıda cavab matçına çıxacaq.