[b]Yığma üzvləri Berti Foqtsu sıxışdırırlar[/b]
08.07.2014 - 16:16
[b]Yığma üzvləri Berti Foqtsu sıxışdırırlar[/b]

Braziliyada keçirilən DÇ-2014-ün bu gecə baş tutacaq Braziliya – Almaniya qarşılaşması Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsa da təsir edəcək. Apasport.az saytının məlumatına görə, final mərhələlərində ən çox oyun keçirən 10 futbolçu arasında olan almaniyalı mövqeyini əldən verməyə başlayacaq.

 

Belə ki, mundiallarda futbolçu kimi 19 matça çıxan Foqts digər iki əfsanə - braziliyalı Ronaldo və həmyerlisi Karl-Hayns Rummenigge ilə 9-11-ci yerləri bölüşür. Lakin yarımfinalın ilk görüşündə daha iki oyunçu onlara şərik çıxacaq. Bunlar da almaniyalılar – Filip Lam və Bastian Şvaynştaygerdir. Braziliyaya qarşı 1 dəqiqə oynasalar, almanlar Foqtsa şərik çıxacaq.

 

Filip-Bastian cütlüyü həm yarımfinal, həm də həlledici (final və ya III yer uğrunda) görüşdə oynasa, 20-yə çatacaq. Belə olan halda isə Foqts və digər iki şəriki “onluq”dan kənarlaşdırılacaq.

 

Qeyd edək ki, siyahıda almanların hegemonluğu diqqət çəkir. 1-ci olan Lotar Matteusun 25, 3-cü olan, lakin Braziliyada 2 matça çıxmaq imkanı qalan Miroslav Klozenin 22 oyunu var. İtaliyalı Paolo Maldini 23 görüşlə hələlik 2-cidir.