Milli komandaların FİFA reytinqinin açıqlanmasından sonra DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması zamanı yığmaların yer alacağı səbətlər rəsmiləşib. Apasport.az saytının məlumatına görə, qitənin 52 yığması xeyli əvvəldən təxmini səbətlərə bölünsə də, onların tərkibi yeni reytinq siyahısından sonra dəqiqləşib.
Belə ki, əsasnaməyə uyğun olaraq, püşk zamanı Avropa milliləri 6 səbətə bölünəcək. Bunların 5-də 9, sonuncuda 7 yığma yer alacaq.
DÇ-2018-in meydan sahibi Rusiya və FİFA-nın üzvü olmadığından yarışa buraxılmayan Cəbəllütariqdən başqa, UEFA-ya daxil olan bütün ölkələr seçmə mərhələdə iştirak edəcək. Onlar səbətlərə FİFA reytinqindəki sıralamaya əsasən bölünəcək.
Yəni, Rusiya nəzərə alınmamaqla, Avropanın 9 ən yaxşısı 1-ci, 10-18-ci yerlərdə qərarlaşanlar 2-ci, 19-27-ci pillələrdəkilər 3-cü, 28-36-cı yerdə olanlar 4-cü səbətə daxil ediləcək.
Bugünkü siyahıda 108-ci, UEFA təmsilçiləri arasında 43-cü olan Azərbaycan isə 5-ci səbətdə yer alacaq. Burada Avropa yığmaları arasında 37-45-ci olanlar qərarlaşacaq. Son 7 yerin sahibi isə 6-cı səbətə daxil ediləcək.
Püşk komandaları 7-də altı, 2-də beş komanda olmaqla 9 qrupa böləcək.
1-ci səbət
Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya
2-ci səbət
Avstriya, Slovakiya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina
3-cü səbət
Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan
4-cü səbət
Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya
5-ci səbət
Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, AZƏRBAYCAN, Litva, Moldova
6-cı səbət
Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin püşkatma mərasimi iyulun 25-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.