“Vladimir Miçoviç və İsmayıl Məmmədov U-17 yığmasında Nadir Şükürovla Səttar Əliyevi əvəzlədilər. Yaxın günlərdə daha bir köməkçi gətirəcəyik. Gedən məşqçilərlə bağlı danışmaq istəmirəm. Niyə ayrıldıqlarını özləri desə yaxşı olar”. Bu sözləri apasport.az saytına açıqlamasında 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Mirbağır İsayev deyib.
Hazırda Bakıda təlim-məşq toplanışında olan U-17 iki yoxlama görüşündə də qüvvəsini sınayacaq. Belə ki, komanda sabah I divizion təmsilçisi “Şuşa”, dekabrın 28-də isə “Əlincə” ilə qarşılaşacaq. Mirbağır İsayev heyət seçimi zamanı klublardan kömək istədiyini bildirib: “Klublardakı aşağı yaş qrupu üzrə məşqçilərə, seleksiyaçılara müraciət etmişik ki, yığmada oynamağa layiq bildiyiniz oyunçular varsa, göndərin gəlsinlər. Yoxlama görüşlərində uşaqların bacarığı daha aşkar üzə çıxacaq”.
Mirbağır İsayev Bakıdakı toplanışda ümidləri doğruldan futbolçuları yanvarda Türkiyəyə aparacaq. Çünki yığmamız yanvarın 10-dan 25-dək Antalyada təlim-məşq toplanışında olacaq. Baş məşqçi bu müddətdə 5 yoxlama görüşü keçirəcəklərini deyib: “Həmin komandaların heç biri bizim həmyaşıdımız olmayacaq. Hamısı bizdən güclü komandalar olacaq ki, heyətdəki boşluqları görə bilək”.
Qeyd edək ki, U-17 yığmamız mart ayında Avropa çempionatının elit-raundunda iştirak edəcək. Millimiz yer aldığı qrupda martın 17-də Xorvatiya, 19-da Portuqaliya, 22-də isə Serbiya ilə qarşılaşacaq.
Ruslan SADIQOV
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı