21 yaşadək futbolçular arasında növbəti Avropa çempionatının seçmə mərhələsinin oyunlarının və püşkatma mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin Nyonda keçirilən yığıncağında qəbul olunub.
Final mərhələsi 2017-ci ildə Polşada baş tutacaq yarışa vəsiqələr uğrunda mübarizə aparacaq Azərbaycan millisinin rəqiblərinin adları fevralın 5-də bəlli olacaq. Həmin gün Bakı vaxtı ilə saat 12:00-da seçmə mərhələnin püşkü atılacaq. Yaşar Vahabzadənin yetirmələrinin rəqibləri də gələn həftə baş tutacaq tədbirdə müəyyənləşəcək.
Bu mərhələnin oyunları isə müəyyənləşdirilmiş 8 “pəncərə” zamanı keçiriləcək. Yığmalar bu il martın 23-31, iyunun 8-16-da, həmçinin avqustun 31-dən sentyabrın 8-dək, oktyabrın 5-dən 13-dək və noyabrın 9-17-də meydana çıxa bilər. 2016-cı ildə martın 21-29-da, avqustun 29-dan sentyabrın 6-dək və oktyabrın 3-11-də seçmə oyunlar baş tutacaq. Pley-off mərhələsinin qarşılaşmaları isə gələn il noyabrın 7-15-də keçiriləcək.
Qeyd edək ki, Polşada keçiriləcək final mərhələsində 12 komanda iştirak edəcək.