[b]Yığmamız üçün 4 rəqib[/b]
08.01.2016 - 18:31
[b]Yığmamız üçün 4 rəqib[/b]

FİFA milli komandaların növbəti FİFA reytinqini fevralın 4-də açıqlayacaq. Apasport.az saytının məlumatına görə, dünənki siyahıda 296 xalla planetin 116-cı komandası olan Azərbaycan yığması geriləmək təhlükəsi ilə üz-üzədi.

 

Düzdü, hesablanacaq son 28 gündə heç bir rəsmi matça çıxmayacaq millimizin hesabındakı xal dəyişməz qalacaq. Komandamız yenə 296 xala malik olacaq.

 

Amma Robert Prosineçkinin yetirmələri bu xalla da mövqeyini əldən verə bilər. Buna Türkmənistan və Fələstinin irəliləməsi səbəb olacaq. Çünki hər iki Asiya təmsilçisi gələn ay yığmamızı keçəcək.

 

Türkmənistan xal hesabını 298-ə, Fələstin isə 307-yə çatdıraraq, Azərbaycanı arxada qoyacaq. Bu komandaların millimizi keçməsini artıq indidən əminliklə söyləmək olar. Belə olması isə yığmamızı 118-ci pilləyə yuvarlanmaq təhlükəsi ilə üz-üzə qoyur.

 

Hərçənd Prosineçkinin komandasının mövqeyini qoruması da mümkündü. İki yığmanı önə buraxacaq millimiz özü də iki rəqibi keçə bilər. Söhbət Anqola və Zimbabvedən gedir.

 

Hazırda 322 xala malik sonuncular bu ay keçirəcəkləri oyunların nəticəsindən asılı olaraq, hesabını 358-ə də qaldıra, 257-yə qədər azalda da bilər. 333 xalı olan Anqolanın isə gələn ay maksimum 392, minimum 279 xalı olacaq. Bir sözlə, komandamız Asiya təmsilçilərinə verdiyi mövqeyi afrikalılardan geri ala bilər.

 

Lakin millimizin yerinə təsir edə biləcək bu 4 komandadan başqa, Efiopiya və Kubanın da keçirəcəyi görüşlər önəmlidi. Çünki hazırda yığmamızdan geridə olan bu iki milli irəliləmək imkanına malikdi. 291 xalı olan afrikalıların yeni reytinqi 276-358 xal aralığında müəyyənləşəcək. Kuba isə hesabındakı 259 xaldan 9-nu itirə və ya 63-nü qazana bilər.

 

Bu isə o deməkdi ki, komandamız ən yaxşı halda mövqeyini qoruyacaq, ən pis halda isə 4 pillə geriləyəcək. Birinci hal üçün Zimbabve və Anqolanı keçməli, Kuba ilə Efiopiyanı önə buraxmamalıyıq. Bu da yığmamızdan deyil, rəqiblərindən asılıdı. Zimbabve və Anqolanı keçə bilməyib, Kuba ilə Efiopiyadan geri düşəcəyi halda, yığmamız 4 pillə aşağı yuvarlanacaq.

 

Qeyd edək ki, millimizin FİFA reytinqindəki bu 4 rəqibindən Kuba Panama ilə görüşəcək. Bir-biri ilə qarşılaşacaq Efiopiya ilə Anqola yığmalarının hər ikisi eyni rəqiblərlə Konqo və Kamerunla da üz-üzə gələcək. Zimbabve isə 4 matça çıxacaq. Onlar Mali, Zambiya, Uqanda, Nigeriya ilə qarşılaşacaq.