[b]Yığmamız üçün 5 variant[/b]
07.01.2016 - 16:10
[b]Yığmamız üçün 5 variant[/b]

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən Azərbaycan yığması qrup mərhələsində son oyununu sabah keçirəcək. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət millimiz 3-cü turda qrupun lideri Sloveniya ilə qarşılaşacaq.

 

Komandamızın növbəti mərhələdə neçənci yerlər uğrunda mübarizə aparması da bu matçdan asılı olacaq. Lakin ilk 2 turda 4 xal toplayıb, 2-ci pillədə qərarlaşan Təbriz Həsənovun yetirmələri sonuncu olmamağı təmin edib.

 

Hər iki oyunda uduzan Bolqarıstan üçün əlçatmaz olan komandamız qrupu ilk 3 pillədən birində başa vuracaq. Buna isə son turda aydınlıq gəlməlidi. Komandamızı son turda 5 variant gözləyir.

 

Yığmamız qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq, qrup qalibi olacaq. Bu isə komandamıza 1-4-cü yerlər uğrunda qüvvəsini sınayacaq 4 komanda sırasına düşmək imkanı verəcək.

 

Millimiz ən yaxşı qrup ikincisi kimi də yarımfinala yüksələ bilər. Bunun üçün komandamız Sloveniya ilə heç-heçə etməli, Latviya isə Bolqarıstana 2-dən artıq ol vurmamalı, üstəlik digər 2 qrupun 2-ci yer sahibləri nisbətən pis nəticə göstərməlidi.

 

Əgər komandamız heç-heçə edib, Latviyanı qabaqlasa, lakin ən yaxşı 2-ci yer sahibi olmasa, onda 5-6-cı yerlər üçün mübarizə aparacaq.  

 

Yığmamız məğlub olsa, Latviya qalib gəlsə və ya komandamız heç-heçə edib, Baltikyanı ölkə təmsilçisinin məhsuldar qələbəyə sevinsə, yığmamız 3-cü olacaq.

 

3-cü yer sahibi üçün isə 2 fərqli variant var. Həsənovun yetirmələri iki ən yaxşı qrup 3-cüsündən biri olsa, 7-8-ci yerlər uğrunda qarşılaşmanın iştirakçısı kimi meydana çıxacaq.

 

Əks halda isə millimiz ən yaxşı qrup 4-cüsü ilə qarşılaşacaq. Çünki ən pis göstəriciyə malik 3-cü yerlə, 4-cülər arasında ən çox xal toplayanı 9-10-cü olmaq üçün mübarizə aparacaq.