[b]Yığmamızın futbolçusu Əziz Yıldırımla görüşdən niyə imtina edib?[/b]
31.03.2017 - 10:45
[b]Yığmamızın futbolçusu Əziz Yıldırımla görüşdən niyə imtina edib?[/b]

Azərbaycanın gənclər millisinin yarımmüdafiəçisi Ozancan Kökcünün “Bursaspor”a transferinin səbəbi müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Feyenoord”un oyunçusu eyni vaxtda “Fənərbaxça”, “Başakşəhər”, “Antalyaspor” və “Konyaspor”dan da təklif alıb.

 

Martın 28-də Türkiyə ilə Azərbaycanın U-21 yığmaları arasında baş tutan yoxlama görüşündən əvvəl isə “Fənər” rəsmiləri Ozancanın atası Halis Kökcü ilə bir araya gəlib, onun xidmətində maraqlı olduqlarını bildiriblər. Tərəflər qarşılaşmadan sonra yenidən görüşüblər. Hətta klubun baş meneceri Hasan Çətinkaya onlara İstanbulda lüks otellərdən birində qalmağı və bir gün sonra prezident Əziz Yıldırımla görüşməyi təklif edib.

 

Lakin Halis Kökcü artıq “Bursaspor”a söz verdikləri üçün “sarı-lacivərdlilər”in təklifinə “yox” deyib. Məlum olub ki, ata Kökcü bir həftə öncədən Bursaya gedərək, klubun bazasını gəzib və rəhbərliklə görüşüb. Baş məşqçi Mutlu Topçu ilə də oğlunun gələcəyini müzakirə edən Halis Kökcü ən doğru variantın elə “Bursaspor” olduğu qənaətinə gəlib.

 

Pyerr van Hoydonkun “Fənərbaxça”ya məsləhət gördüyü 19 yaşlı oyunçu ilə anlaşmaq üçün İstanbul nəhəngi son ana qədər israrlı olsa da, atasının sözündən çıxmayan Ozancan “Bursaspor”la 4 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, mövsümün sonunda “Feyenoord”la müqavilə müddəti başa çatacaq Ozancan Kökcü iyulun 1-dən etibarən rəsmən “Bursaspor”un oyunçusu olacaq.