[b]Yığmamızın seçimi: 9 qat ölkə çempionu, UEFA Kubokunun qalibi[/b]
12.02.2015 - 17:14
[b]Yığmamızın seçimi: 9 qat ölkə çempionu, UEFA Kubokunun qalibi[/b]

Fevralın 20-26-da Antalyada təlim-məşq toplanışı keçəcək Azərbaycan yığması yoxlama görüşündə də qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, millimiz Ukraynanın köklü klublarından olan “Şaxtyor”la üz-üzə gələcək.

 

“Şaxtyor” təkcə ölkəsi və keçmiş SSRİ-də deyil, Avropada da sayılıb-seçilən klublardandı. Tarixi ərzində 9 dəfə Ukrayna çempionu adını qazanan donetsklilər eyni sayda da ölkə kubokunun qalibi olublar. “Şaxtyor” beynəlxalq arenada da uğur qazanmağı bacarıb. Təsadüfi deyil ki, Ukrayna təmsilçisi 2009-cu ildə UEFA Kubokunu (indiki Avropa Liqası) əldə edib.

 

Ukrayna çempionatının cari mövsümündə qış fasiləsinə Kiyev “Dinamo”sunun ardından ikinci pillədə yollanan “Şaxtyor”, həmçinin Çempionlar Liqasında çıxışını davam etdirir. Turnirin 1/8 final mərhələsində oynamaq hüququ əldə edən Mirça Luçeskunun komandası fevralın 17-də Avropa nəhəngi “Bavariya” ilə ilk sınağına çıxacaq. Martın 11-də isə bu komandalar arasında cavab görüşü keçiriləcək.

 

Maraqlıdı ki, “Şaxtyor”da ukraynalıdan çox braziliyalı futbolçu çıxış edir. Belə ki, komandada 12 ukraynalı olduğu halda, 13 braziliyalı var. Çempionlar Liqasının cari mövsümünün bombardiri də hələlik “Şaxtyor”un braziliyalı üzvüdü. Luis Adriano turnirin qrup mərhələsində aktivinə 9 qol yazdırıb.

 

“Şaxtyor” klublarımızdan “Neftçi”yə tanış komandadı. Belə ki, “ağ-qaralar” SSRİ-nin güclülər dəstəsində donetsklilərlə 52 dəfə qarşılaşıb. Bu görüşlərin 17-də “Neftçi”, 18-də isə “Şaxtyor” sevinib. Qalan 17 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqində də ukraynalılar üstündülər: 63-58.

 

Bundan əlavə, Rusiyada keçirilən ənənəvi “Birlik Kuboku”nda da “Şaxtyor”la üz-üzə gəlmişik. 2003-cü ildə turnirə yollanan U-21 komandamız “Şaxtyor”u 2:1 hesablı məğlubiyyətə uğradıb.

 

“Şaxtyor” Antalyaya getməmişdən öncə İspaniyada hazırlıq prosesi keçib. Donetsk klubu Türkiyəyə Çempionlar Liqasında “Bavariya” ilə ilk oyundan sonra yola düşəcək.