“Fasilə müddətində yəqin ki, məndən başqa hamı yaxşı istirahət etdi. Çünki bütün günü oyunçu axtarışları ilə məşğul oldum, dincəlmək bilmədim. Əsas işim-gücüm bu istiqamətdə idi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib.
“Kəpəz”in qış fasiləsi başa çatmaq üzrədi. Komandanın üzvləri bu gün və sabah həkim nəzarəti altında olacaqlar. Yanvarın 7-dən isə “sarı-göylər” məşqlərə start verəcəklər.
Klubun rəsmi saytına açıqlama verən Hüseynov fasilə dövrü və dəyişikliklərlə bağlı fikirlərini dilə gətirib: “Bu vaxtlarda oyunçu tapmaq, seçmək çox çətindi. Amma yaxşı komanda formalaşdırmağa çalışacağıq. “Kəpəz”dən gedən futbolçular oldu, onlara uğurlar arzulayırıq. Heyətdə qalan uşaqlar elə fikirləşməsinlər ki, artıq yerlərini möhkəmləndiriblər, əsla belə deyil. Bu oyunçularla bir daha ciddi söhbətimiz olacaq. Verdiyimiz şansdan lazımınca yararlanmalı, özlərini yaxşı tərəfdən göstərməli, təsdiq etməlidilər. Dəyişikliklər bundan sonra da mümkündü”.